Sərhəddə ticarət

Sərhəddə ticarət üzrə metodologiya

“Doing Business" ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır. “Doing Business” mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri (tariflər istisna olmaqla) ölçür.

Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Bu ballar ixrac və idxal üçün sənədlərlə uyğunluq və sərhəddə tələblərə əməletmə üzrə balların ədədi ortasıdır.

“Doing Business” hesabatında yüklərin ölkədaxili daşınması üçün vaxt və xərclər barədə məlumatların toplanıb dərc edilməsinə baxmayaraq, bu məlumatlar sərhəddə ticarət üzrə ölkənin balının və ya sərhəddə ticarətin asanlığı üzrə reytinqin hesablanmasında istifadə edilmir. Bunun əsas səbəbi odur ki, yüklərin ölkədaxili daşınması üzrə vaxt və xərclərə tranzit ərazinin coğrafiya və topoqrafiyası, yol həcmi və ümumi infrastruktur, ən yaxın limana və ya sərhədə yaxınlıq, habelə ticarət olunan malların saxlanıldığı anbarların yeri kimi çoxsaylı xarici amillər təsir göstərir və beləliklə də ölkənin ticarət siyasəti və islahatlarının birbaşa təsirinə məruz qalmır.

Sərhəddə ticarət haqqında məlumatlar yerli yük daşıyıcıları, gömrük brokerləri, liman idarələri və ticarət iştirakçıları tərəfindən cavablandırılan sorğu vasitəsilə əldə edilir.

Əgər ölkədə dövlət tərəfindən qoyulan məhdudiyyətlər, silahlı münaqişə və ya təbii fəlakət nəticəsində heç bir rəsmi, geniş miqyaslı, özəl sektor tərəfindən sərhəddə ticarət həyata keçirilmirsə, həmin ölkə “təcrübə yoxdur” kimi qiymətləndirilir. “Təcrübə yoxdur” kimi qiymətləndirilmiş ölkə sərhəddə ticarətlə bağlı bütün indikatorlar üzrə 0 bal əldə edir.

Konkret hal üzrə araşdırma fərziyyələri

Məlumatların ölkələr üzrə müqayisəliliyini təmin etmək üçün ticarət olunan mallar və əməliyyatlar haqqında bir sıra fərziyyələr müəyyən edilmişdir:

  • “Doing Business” hesabatında əhatə olunan 190 ölkənin hər birinə münasibətdə fərz edilir ki, məhsullar ixrac edən ölkənin ən böyük biznes şəhərindəki anbarda yerləşir və idxal edən ölkənin ən böyük biznes şəhərindəki anbara daşınır. 11 ölkəyə münasibətdə ikinci ən böyük biznes şəhəri üçün də istifadə edilmiş fərziyyələr əsasında məlumatlar toplanır.  
  • İdxal və ixrac məqsədli konkret hallar üzrə araşdırmalarda müxtəlif məhsulların ticarətinin aparıldığı fərz edilir. Fərz edilir ki, hər bir ölkə 15 metr ton həcmində konteyner maşın hissələrini (HS 8708) öz adi idxal tərəfdaşından (maşın hissələrinin ən çox idxal olunduğu (qiymət və həcmin hasili) olan ölkədən)  idxal edir. Fərz olunur ki, hər bir ölkə müqayisəli üstünlüyə malik olduğu (ən böyük ixrac dəyəri ilə müəyyən edilən) məhsulu öz adi ixrac tərəfdaşına (bu məhsulun ən böyük alıcısı olan ölkəyə) ixrac edir. Bununla belə, qiymətli metal və daşlar, mineral yanacaq, neft məhsulları, canlı heyvanlar, qida və məhsulların qalıq və tullantıları, eləcə də dərman vasitələri mümkün ixrac məhsulları siyahısından çıxarılır və bu hallarda müvafiq olaraq ikinci ən böyük məhsul kateqoriyası nəzərə alınır.
  • Mal partiyası ticarət vahididir. İdxal olunan maşın hissələrinin konteynerə yükləndiyi fərz edildiyi halda, ixrac olunan partiya üçün bu, zəruri deyildir.
  • Rüsumları məhsul partiyasının dəyəri ilə müəyyən edilirsə, partiyanın dəyərinin 50,000 ABŞ dolları olduğu fərz edilir.
  • Məhsul yenidir, işlənməmiş və ya istifadə edilməmişdir.
  • İdxal və ya ixrac  firması  yük daşıyıcısının və ya gömrük brokerinin (və ya hər ikisinin) xidmətlərindən istifadə edir və müvafiq ödəniş edir, habelə ölkədaxili daşınma, gömrük sənədləşməsi, gömrük və digər hökumət qurumları tərəfindən məcburi yoxlamalar, liman və ya sərhəddə yükaşırma, sənədlərlə uyğunluq rüsumları və s. ilə bağlı bütün xərcləri ödəyir.
  • Daşınma növü seçilmiş idxal/ixrac məhsulu və ticarət tərəfdaşı üçün ən çox istifadə olunan növdür (eyni fərziyyə dəniz limanı və ya quru sərhəd keçid məntəqəsinə də aid edilir).
  • Daşınma ilə bağlı hər hansı dövlət qurumu tərəfindən tələb olunaraq elektron formada təqdim edilən bütün məlumatlar ixrac və ya idxal prosesi zamanı əldə olunan, hazırlanan və təqdim edilən sənədlər hesab edilir.
  • Liman və ya sərhəd dedikdə, malın ölkəyə daxil olduğu və ya ölkədən çıxdığı yer (dəniz limanı və ya quru sərhəd keçid məntəqəsi) nəzərdə tutulur.
  • Aidiyyəti dövlət qurumları dedikdə, gömrük və liman idarələri, yol polisi, sərhəd mühafizə xidməti, standartlaşdırma agentlikləri, kənd təsərrüfatı və ya sənaye nazirlikləri və ya idarələri, milli təhlükəsizlik agentlikləri, mərkəzi banklar və hər hansı digər dövlət orqanları nəzərdə tutulur.

Vaxt

Vaxt saatla ölçülür və 1 gün 24 saatdır (məsələn, 22 gün 22 x 24 = 528 saat kimi qeyd olunur). Əgər gömrük rəsmiləşdirməsi 7.5 saat çəkirsə, məlumatlar olduğu kimi qeyd olunur. Yaxud fərz edək ki, sənədlər gömrük orqanına səhər saat 8:00-da təqdim olunur, gecə nəzərdən keçirilir və növbəti gün səhər saat 8:00-da götürülə bilər. Bu halda gömrük rəsmiləşdirməsi üçün vaxt 24 saat kimi qeyd olunacaqdır, çünki faktiki olaraq prosedura 24 saat vaxt sərf olunmuşdur.

Xərclər

Sığorta xərci və qəbz verilməyən qeyri-rəsmi ödənişlər qeydə alınan xərclərdə nəzərə alınmır. Xərclər ABŞ dolları ilə qeyd olunur. Sorğu iştirakçılarından yerli valyutada olan məbləği sorğunun cavablandırıldığı günün valyuta məzənnəsinə uyğun olaraq ABŞ dollarına çevirmək xahiş olunur. Sorğu iştirakçıları beynəlxalq ticarət logistikası sahəsində özəl sektor mütəxəssisləridir və onlar valyuta məzənnələri və məzənnədəki dəyişmələr barədə məlumatlıdırlar.

Sənədlərlə bağlı tələblərə əməletmə

Sənədlərlə bağlı tələblərə əməletmə dedikdə, mənşə ölkəsi, təyinat ölkəsi və bütün keçid ölkələrinin bütün dövlət agentliklərinin sənədlərlə bağlı tələblərinə əməletmə ilə əlaqəli olan vaxt və xərc nəzərdə tutulur. Məqsəd konkret hal üzrə araşdırmada fərz olunan məhsul və tərəfdaş ölkələr üçün beynəlxalq ticarətin başa çatdırılmasına imkan verən sənədlər toplusunun hazırlanmasının ümumi yükünü müəyyən etməkdir. Məsələn, mal partiyasının Mumbay şəhərindən Nyu York şəhərinə daşınması zamanı yük daşıyıcısı sənədləri hazırlamalı və Hindistanın gömrük orqanına, Mumbaydakı liman idarələrinə və Birləşmiş Ştatların gömrük orqanına təqdim etməlidir.

Sənədlərlə bağlı tələblərə əməletmə üçün vaxt və xərclər sənədlərin əldə edilməsi (məsələn, sənədin hazırlanması və möhürlənməsinə sərf olunan vaxt); sənədlərin hazırlanması (məsələn, gömrük bəyannaməsi və ya mənşə sertifikatını doldurmaq üçün məlumatların toplanmasına sərf olunan vaxt); sənədlərin emal edilməsi (məsələn, aidiyyəti orqan tərəfindən fitosanitar sertifikatın verilməsini gözləmək üçün sərf olunan vaxt); sənədlərin təqdim edilməsi (məsələn, liman idarələrinə liman terminal qəbzini göstərmək üçün sərf olunan vaxt) və sənədlərin verilməsi (məsələn, gömrük bəyannaməsinin şəxsən və ya elektron şəkildə gömrük orqanına təqdim edilməsinə sərf olunan vaxt) üçün sərf edilən vaxt və xərcləri əhatə edir.

Daşınma ilə bağlı hər hansı dövlət qurumu tərəfindən tələb olunaraq elektron və ya kağız formada təqdim edilən bütün məlumatlar ixrac və ya idxal prosesi zamanı əldə olunan, hazırlanan və təqdim edilən sənədlər hesab edilir. Konkret hal üzrə araşdırmada fərz olunan məhsul və tərəfdaş üçün yük daşıyıcısı və ya gömrük brokeri tərəfindən hazırlanan bütün sənədlər, qanunla və ya təcrübədə tələb edilməsindən asılı olmayaraq, nəzərə alınır. İmtiyazlı rejimə çıxış imkanı əldə etmək üçün hazırlanan və təqdim olunan istənilən sənədlər (məsələn, mənşə sertifikatı) sənədlərlə bağlı tələblərə əməletmə üçün vaxt və xərclərin hesablanmasına daxil edilir. Məhsulun sərhəddən keçməsini asanlaşdıracağı fikri ilə hazırlanan və təqdim olunan bütün sənədlər də nəzərə alınır (məsələn, yük daşıyıcıları qablaşdırma siyahısı hazırlaya bilər, çünki onların təcrübəsində bu cür siyahı fiziki və ya digər müdaxilə xarakterli yoxlamaların keçirilmə ehtimalını azaldır).

Bundan əlavə, ixrac və ya idxal üçün icbari olan bütün sənədlərə sərf olunan vaxt və xərclər hesablamalara daxildir. Lakin yalnız bir dəfə əldə edilməsi lazım olan sənədlər nəzərə alınmır. “Doing Business” məhsulun yerli bazarda istehsalı və satışı üçün lazım olan sənədləri (məsələn, oyuncaqların yerli bazarda satışı üçün tələb oluna biləcək üçüncü tərəf təhlükəsizlik şəhadətnamələri), ixrac prosesi zamanı bu sənədlərin dövlət qurumu tərəfindən tələb edilməsi halları istisna olmaqla, nəzərə almır.

Cədvəl 1.İxrac və idxal üçün sərf olunan vaxt və xərc indikatorlarının əhatə dairəsi

Sənədlərlə bağlı tələblərə əməletmə

Mənşə ölkəsində daşınma, rəsmiləşdirmə, yoxlama və liman və ya sərhəddə yükaşırma zamanı sənədlərin əldə edilməsi, hazırlanması və təqdim edilməsi

Təyinat ölkəsi və hər hansı tranzit ölkə tərəfindən tələb olunan sənədlərin əldə edilməsi, hazırlanması və təqdim edilməsi

Qanunla və ya təcrübədə tələb olunan bütün sənədləri, o cümlədən məlumatların elektron təqdimatını, habelə daşınma ilə əlaqəli olmayan, lakin ticarət fəaliyyətinin başa çatdırılması üçün zəruri olan bütün sənədləri əhatə edir

Sərhəddə tələblərə əməletmə

Gömrük rəsmiləşdirməsi və gömrük qurumları tərəfindən yoxlamalar

Digər qurumlar tərəfindən yoxlamalar (daşınmaların 20 faizindən çox hissəsinə tətbiq olunarsa)

Ölkənin ən çox istifadə olunan liman və ya sərhədində yükaşırma

Yüklərin ölkədaxili daşınması

Anbar, quru limanı və ya sərhəddə məhsulların yüklənməsi və boşaldılması

Anbar və terminal və ya quru limanı arasında ən çox istifadə olunan daşınma növü

Terminal və ya quru limanı ilə ən çox olunan sərhəd və ya liman arasında ən çox istifadə olunan daşınma növü

Məhsullar yolda olduğu zaman nəqliyyat yubanmaları və yol polisi yoxlamaları

Sərhəddə tələblərə əməletmə

Sərhəddə tələblərə əməletmə ölkənin gömrük qaydalarına və məhsulların ölkələrin sərhədlərindən  keçməsi üçün məcburi olan digər yoxlamalarla əlaqədar olan qaydalara əməletmə ilə bağlı vaxt və xərcləri, eləcə də öz liman və ya sərhədində yükaşırmaya sərf olunan vaxt və xərci əhatə edir. Bu seqment üzrə vaxt və xərclərə gömrük rəsmiləşdirilməsinə və digər dövlət qurumları tərəfindən həyata keçirilən yoxlama prosedurlarına sərf olunan vaxt və xərclər daxil edilir. Məsələn, fitosanitar yoxlamanın aparılması üçün vaxt və xərc də bura daxil oluna bilər.  

Sərhəddə tələblərə əməletməyə sərf olunan vaxtın və xərclərin hesablanması sərhəddə tələblərə əməletmə prosedurlarının baş vermə yerindən, prosedurların kim tərəfindən tələb olunması və aparılmasından, eləcə də yoxlamaların həyata keçirilməsi ehtimalından asılıdır. Əgər gömrük rəsmiləşdirməsi və digər yoxlamalar liman və ya sərhəddə eyni vaxtda həyata keçirilirsə, sərhəddə tələblərə əməletmə üçün vaxtın hesablanmasında bu eyni vaxtda baş vermə nəzərə alınır. Sərhəddə tələblərə əməletməyə sərf olunan vaxt və xərclərin əhəmiyyətsiz dərəcədə az və ya sıfıra bərabər olması da mümkündür (Avropa İttifaqına üzv ölkələr və ya digər gömrük ittifaqları arasında həyata keçirilən ticarət proseslərində olduğu kimi).

Əgər gömrük və ya digər yoxlamaların biz qismi və ya hamısı ayrı yerlərdə baş verərsə, bu prosedurlar üçün sərf olunan vaxt və xərclər liman və ya sərhəddə baş verən proseduralar üçün olan vaxt və xərclərə əlavə edilir. Məsələn, Qazaxıstanda, gömrük rəsmiləşdirməsi və yoxlamaları Qazaxıstan və Çin arasındakı quru sərhədində deyil, Almatı şəhərindəki gömrük məntəqəsində baş verir. Bu halda sərhəddə tələblərə əməletməyə sərf olunan vaxt Almatıdakı terminalda sərf olunan vaxt ilə sərhəd yükaşırmaya sərf olunan vaxtın cəmi şəklində hesablanır.

“Doing Business” tərəfindən sorğu iştirakçılarından gömrük orqanları tərəfindən rəsmiləşdirmə və yoxlamalara, yəni məhsulun təsnifatını yoxlamaq, həcmini təsdiq etmək, mənşəyini müəyyən etmək və gömrük bəyannaməsindəki digər məlumatların düzgünlüyünü yoxlamaqla rüsumların müəyyənləşdirilməsi məqsədilə aparılan sənədli və fiziki yoxlamalara sərf olunan vaxt və xərcləri qiymətləndirmək xahiş olunur. (Bu kateqoriyaya qaçaqmalçılığın qarşısını almağa yönələn bütün yoxlamalar daxildir). Bu rəsmiləşdirmə və yoxlama prosedurları bir çox hallarda baş verən və “standart” hal kimi nəzərə alınan prosedurlardır. Vaxt və xərc üzrə qiymətləndirmələr ölkənin gömrük orqanının səmərəliliyini əks etdirir.

“Doing Business” tərəfindən sorğu iştirakçılarından həm də müəyyən olunmuş bir məhsul üçün gömrük və bütün digər dövlət qurumları tərəfindən rəsmiləşdirmə və yoxlamalara sərf olunan ümumi vaxt və xərci qiymətləndirmək xahiş olunur.  Bu qiymətləndirmələr sağlamlıq, təhlükəsizlik, fitosanitar standartlar, uyğunluq və s. ilə bağlı yoxlamaları nəzərə alır və beləliklə də bu əlavə yoxlamaları tələb edən və həyata keçirən qurumların səmərəliliyini əks etdirir.

Əgər gömrükdən başqa digər qurumlar tərəfindən yoxlamalar  20 faiz və ya daha az hallarda aparılarsa, sərhəd uyğunluğu üzrə vaxt və xərclərin hesablanmasında yalnız gömrük qurumu tərəfindən aparılan rəsmiləşdirmə və yoxlamalar nəzərə alınır (standart hal). Əgər digər qurumlar tərəfindən aparılan yoxlamalar 20 faizdən çox hallarda baş verirsə, vaxt və xərclərin hesablanmasında bütün qurumlar tərəfindən aparılan rəsmiləşdirmə və yoxlamalar nəzərə alınır. Müxtəlif növ yoxlamaların baş vermə ehtimalları müxtəlif ola bilər – məsələn, fiziki yoxlama 5 faiz hallarda baş verdiyinə baxmayaraq, skan etmə bütün hallarda (100 faiz) aparıla ola bilər. Bu halda “Doing Business” yalnız skan etməyə sərf olunan vaxtı nəzərə alacaq, çünki bu yoxlama fiziki yoxlamadan fərqli olaraq 20 faizdən çox hallarda baş verir. Bir ölkə üzrə sərhəddə tələblərə əməletməyə sərf olunan vaxt və xərclərdə hər hansı digər ölkənin qaydalarına uyğunluğunun təmin edilməsinə sərf olunan vaxt və xərclər nəzərə alınmır.

Yüklərin ölkədaxili daşınması

Yüklərin ölkədaxili daşınması məhsulların ölkənin ən böyük biznes şəhərindəki anbardan ölkənin ən çox istifadə olunan dəniz limanı və ya quru sərhədinə daşınması ilə bağlı vaxt və xərcləri əhatə edir. 11ölkəyə münasibətdə ikinci ən böyük biznes şəhəri üçün də bu məlumatlar toplanır. Bu prosedurlar qrupuna daşınma üçün sərf olunan faktiki vaxt (və xərc); hər hansı nəqliyyat yubanmaları və yol polisi yoxlamaları; eləcə də anbar və ya sərhəddə yüklənmə və ya boşaltmaya sərf edilən vaxt daxildir. Xarici ticarət tərəfdaşı olan sahilyanı ölkə üçün yüklərin ölkədaxili daşınması yükün anbarda yüklənməsindən ölkənin limanına çatmasına qədər sərf edilən vaxt və xərci nəzərdə tutur. Quru sərhədi ilə ticarət edən ölkəyə münasibətdə yüklərin ölkədaxili daşınması yükün anbarda yüklənməsindən ölkənin quru sərhədinə çatmasına qədər sərf edilən vaxt və xərci nəzərdə tutur.

Vaxt və xərc üzrə qiymətləndirmə sorğu iştirakçıları tərəfindən verilən məlumatlara uyğun olaraq ən çox istifadə olunan daşınma üsuluna (yük maşını, qatar) və ən çox istifadə olunan marşruta (yol, sərhəd məntəqələri) əsaslanır. Vaxt və xərc üzrə qiymətləndirmədə əksər sorğu iştirakçıları tərəfindən seçilən daşınma üsulu və marşrutu əsas götürülür. Ən böyük və ikinci ən böyük biznes şəhərləri üçün məlumatların toplandığı 11ölkəyə münasibətdə, “Doing Business” iki şəhər üçün ən geniş istifadə olunan marşrut və daşınma üsulunun fərqli olmasına imkan verir. Məsələn, yük ixrac üçün Dehlidən Mundra limanına qatarla daşınır, lakin Mumbaydan yüklər ixrac edilmək üçün Nhava Sheva limanına yük maşını ilə gəlir.  

Qeyd edildiyi kimi, ixracla bağlı konkret hal üzrə araşdırmada “Doing Business” konteynerə yüklənmiş daşınmanı nəzərə almır və vaxt və xərclər üzrə qiymətləndirmə konteynerə yüklənməmiş 15 ton məhsulun daşınmasına əsaslana bilər. İdxal üzrə araşdırmada isə maşın hissələrinin konteynərlərə yükləndiyi fərz edilir. Yükün konteynerə yığılması hallarında daşınma və digər prosedurlar üçün vaxt və xərclər vahid Harmonikləşdirilmiş Sistem (HS) təsnifat koduna aid olan eynicinsli mallardan ibarət yükə əsaslanır. Bu fərziyyə xüsusilə də yoxlamalar üçün əhəmiyyətlidir, çünki eynicinsli malların daşınması çox zaman müxtəlif HS kodlarına aid məhsulların daşınmasına nəzərən daha az və qısa yoxlamalara məruz qalır.

Bəzi hallarda yük rəsmiləşdirmə və ya yoxlamalar üçün anbardan gömrük məntəqəsinə və ya terminala, daha sonra oradan liman və ya sərhədə daşınır. Bu hallarda ölkədaxili daşıma vaxtı hər iki daşınma seqmentləri üçün tələb olunan vaxtın cəmindən ibarətdir. Rəsmiləşdirmə və ya yoxlamalar üçün sərf olunan vaxt və xərclər isə yerli daşınma üzrə deyil, sərhəddə tələblərə əməletmə üzrə tədbirlərdə nəzərə alınır.

İslahatlar

Sərhəddə ticarət ilə bağlı indikatorlar qrupu hər il malların idxal və ixracı üzrə logistik proseslərlə əlaqəli vaxt və xərcləri qeydə alır. Məlumatlar üzərində olan təsirlərdən asılı olaraq, müəyyən dəyişikliklər islahatlar kimi təsnif edilir və əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyini təsdiqləmək üçün hesabatın 2017/2018-ci il bölməsində “Doing Business” islahatları üzrə xülasədə verilir. İslahatlar biznes fəaliyyətini asanlaşdıran və biznes fəaliyyətini  çətinləşdirən dəyişikliklər olmaqla iki qrupa bölünür. Sərhəddə ticarət ilə bağlı indikatorlar qrupu islahat olub-olmamasının müəyyən edilməsi  məqsədi ilə standart meyardan istifadə edir

İndikator qrupu üzrə ümumi nəticəyə qədər olan məcmu boşluqdan istifadə edilərək dəyişikliklərin təsiri qiymətləndirilir. Ümumi nəticəyə qədər nisbi məsafə üzrə 2 faiz və ya daha çox dəyişikliyə səbəb olan hər hansı bir yenilənmə islahat kimi təsnif edilir (bu dəyişikliyin rəsmi rüsumların avtomatik qiymət və ya əməkhaqqına indeksasiyası nəticəsində yaranması halı istisna olmaqla). Məsələn, bir pəncərə sisteminin yaradılması nəticəsində sərf edilən vaxt və ya xərclər, bununla da ümumi nisbi məsafə 2 faiz və ya daha çox azalarsa, bu dəyişiklik bir islahat olaraq təsnif edilir. Digər halda, nisbi boşluq üzrə 2 faizdən az məcmu təsir göstərən rüsumların yenilənməsi və digər bu kimi kiçik dəyişikliklər islahat kimi qeydə alınmır, lakin həmin dəyişikliklərin təsiri bu indikator qrupu üçün ən çox yenilənmiş göstəricilərdə əks etdirilir.

  Hər bir ölkə üzrə ticarət tərəfdaşlarını və ixrac məhsulunu müəyyən etmək üçün “Doing Business” jurnalı Malların ticarətinə dair BMT-nin statistik məlumat bazası (UN Comtrade) kimi beynəlxalq məlumat bazalarından ən son dörd illik müddət üzrə ticarət axınlarına dair məlumatlar toplamışdır. Ticarət axınları barədə məlumatların olmadığı ölkələr üzrə ixrac məhsulunun və ticarət tərəfdaşlarının müəyyən edilməsi məqsədilə yardımçı hökumət mənbələrindən (müxtəlif nazirliklərdən və idarələrdən) və Dünya Bankı Qrupunun həmin ölkələrdəki ofislərindən əldə olunan məlumatlardan istifadə edilmişdir.