Müqavilələrin icrası metodologiyası
“Doing Business” hər bir ölkədə yerli birinci instansiya məhkəmələri vasitəsilə iqtisadi mübahisələrin həllinə sərf edilən vaxt və xərcləri, habelə məhkəmə proseslərinin keyfiyyəti indeksini ölçməklə, ölkənin məhkəmə sistemində keyfiyyət və səmərəliliyi ehtiva edən yaxşı təcrübələri qəbul edib-etmədiyini qiymətləndirir. Məlumatlar mülki prosessual məcəllələr və digər məhkəmə qaydaları, eləcə də yerli məhkəmə vəkilləri və hakimləri tərəfindən doldurulan sorğular vasitəsilə əldə edilir. Müqavilələrin icrasının asanlığı ilə bağlı ölkələrin sıralanması müqavilələrin icrası üzrə həmin ölkələrin ballarının sıralanması əsasında müəyyən edilir. Bu ballar komponent indikatorların hər biri üçün verilən balların ədədi ortasıdır.
İqtisadi mübahisənin həll edilməsinin səmərəliliyi
Vaxt və xərclər haqqında məlumatlar iqtisadi satış üzrə mübahisənin mərhələ-mərhələ gedişatı üzrə əldə olunur. Məlumatlar aşağıda təsvir olunan iş ilə bağlı fərziyyələr əsasında təhlildə əhatə olunan hər bir şəhər üzrə xüsusi məhkəmə üçün toplanır (cədvəl 1). Səlahiyyətli məhkəmə adambaşına gəlirin 200 faizi və ya 5,000 ABŞ dolları (hansı daha yüksəkdirsə) dəyərindəki mübahisələr üzrə yurisdiksiyalı orqandır. Təhlilə cəlb edilmiş standart işlə müqayisə edilə bilən işlər üzrə birdən çox məhkəmə yurisdiksiyalı orqan olarsa, proses üzrə tərəflərin əksər hallarda istifadə edilən məhkəmə üzrə məlumatlar toplanacaqdır. Hər bir ölkə üzrə aidiyyəti məhkəmənin adı “Doing Business” hesabatının internet səhifəsində yerləşdirilmişdir. İkinci ən böyük şəhər üçün məlumatların toplandığı 11 ölkəyə münasibətdə həmin şəhərlərdəki aidiyyəti məhkəmənin adı da verilmişdir.
İş haqqında fərziyyələr
- İddianın dəyəri ölkədə adambaşına düşən gəlirin 200 faizinə və ya 5,000 ABŞ dollarına bərabərdir (hansı daha yüksəkdirsə).
- Məhkəmə iddiası ölkənin ən böyük biznes şəhərində yerləşən iki şirkət (Satıcı və Alıcı) arasındakı qanuni əməliyyatla bağlıdır. 11 ölkəyə münasibətdə ikinci ən böyük biznes şəhəri üçün də məlumatlar toplanır. Şirkətlər arasındakı müqaviləyə uyğun olaraq Satıcı Alıcıya ölkədə adambaşına düşən gəlirin 200 faizi və ya 5,000 ABŞ dolları dəyərində sifarişlə hazırlanan bəzi mebellər satır. Satıcı malları Alıcıya çatdırdıqdan sonra Alıcı malların uyğun keyfiyyətdə olmadığını bildirməklə müqavilə qiymətini ödəməkdən imtina edir. Həmin mebellər sifarişlə hazırlandığından Satıcı onları başqa şəxsə sata bilmir.
- Satıcı (iddiaçı) satış müqaviləsi əsasında məbləği ödəmək üçün Alıcıya (cavabdeh) qarşı iddia qaldırır. Mübahisə ölkənin ən böyük şəhərində adambaşına düşən gəlirin 200 faizi və ya 5,000 ABŞ dolları dəyərində iqtisadi məsələlər üzrə yurisdiksiyaya malik məhkəməyə verilir. Qeyd edildiyi kimi 11 ölkəyə münasibətdə ən böyük biznes şəhəri üçün də məlumat toplanır.
- Mübahisənin əvvəlində Satıcı Alıcının daşınar əmlakını (məsələn, ofis avadanlığı və maşınlar) təhkim etməyi qərara alır, çünki Satıcı Alıcının öz əmlakını gizlədə biləcəyindən və ya hər hansı başqa formada müflis ola biləcəyindən narahatdır.
- İddia malların keyfiyyətinin uyğun olmaması haqqında Alıcının iddiası əsasında müzakirə edilir. Məhkəmə yalnız sənədli sübut və ya qanuni hüquq əsasında məsələ üzrə qərar çıxara bilmir, malların keyfiyyəti haqqında mütəxəssis rəyi verilir. Əgər hər bir tərəf üçün öz mütəxəssis şahidini çağırmaq ölkədə geniş tətbiq olunan standart təcrübədirsə, tərəflərin hər biri bir mütəxəssis şahid çağırır. Əgər hakim tərəfindən müstəqil mütəxəssis təyin edilməsi standart təcrübədirsə, onda hakim müstəqil mütəxəssis təyin edir. Bu halda hakim digər mütəxəssisin ifadəsinə icazə vermir.
- Mütəxəssis rəyindən sonra hakim qərara alır ki, Satıcı tərəfindən çatdırılan mallar uyğun keyfiyyətdə olmuşdur və Alıcı müqavilə qiymətini ödəməlidir. Beləliklə də hakim tam şəkildə Satıcının xeyrinə olan yekun qərar çıxarır.
- Alıcı məhkəmənin qərarına qarşı apellyasiya şikayəti vermir. Satıcı müraciətin başa çatması üçün qanunla icazə verilən vaxt ərzində məhkəmənin qərarını həyata keçirməyə başlamağı qərara alır.
- Satıcı qərarın dərhal icrası üçün bütün tələb olunan tədbirləri görür. Pul Alıcının daşınar əmlakının (məsələn, ofis avadanlıqları və maşınları) hərrac yolu ilə satışı vasitəsilə müvəffəqiyyətlə toplanır. Fərz olunur ki, Alıcının bank hesabında pulu yoxdur və bu səbəbdən məhkəmə Alıcının bank hesabından vəsaiti çıxara bilmir.
Vaxt
Vaxt təqvim günü ilə qeyd edilir və iddiaçının mülki iddia qaldırmaq qərarına gəldiyi andan ödəniş edilənə qədər hesablanır. Buraya proseslərin baş verdiyi günlər və onlar arasındakı gözləmə müddətləri daxildir. Mübahisə həllinin aşağıdakı üç müxtəlif mərhələsinin orta müddəti qeyd edilir: Sənədləşdirmə və xidmət mərhələsi; məhkəmə və son qərar mərhələsi; icra mərhələsi. Vaxt yuxarıda qeyd olunan xüsusi hal üzrə fərziyyələrə əsaslanaraq müəyyən edilir və yalnız müvafiq məhkəməyə aid edilir. Vaxt təcrübəyə əsasən qeydə alınır və qanunvericilikdə müəyyən edilmiş vaxt hədləri, təcrübədə əksər işlər üzrə riayət edilmədikdə, nəzərə alınmır.
Sənədləşdirmə və xidmət mərhələsinə daxildir:
- Satıcının mübahisəyə səbəb olmayacaq tərzdə hazırladığı tələb məktubu vasitəsilə ödənişi məhkəmədənkənar qaydada əldə etməsi üçün lazım olan vaxt. Buraya məktubun hazırlanma müddəti və əməletmə üçün Alıcıya verilən müddətin son tarixinə qədər olan vaxt da daxildir.
- Yerli bir vəkil tərəfindən ilkin şikayətin yazılması və sənədləşdirmədə ehtiyac olan bütün dəstəkləyici sənədlərin toplanması və tələb olunduğu halda onların təsdiqlənməsi və ya notarial qaydada təsdiqlənməsi üçün zəruri olan vaxt.
- Məhkəmədə şikayətin qeydə alınması üçün lazım olan vaxt
- Alıcıya xidmət göstərilməsi üçün lazım olan vaxt. Buraya məhkəmədə emal prosesi müddəti və birdən çox cəhd tələb olunduğu hallarda uğursuz cəhdlər arasındakı gözləmə müddətləri də daxildir.
Məhkəmə və son qərar mərhələsinə daxildir:
- Məhkəmə öncəsi müşavirə səlahiyyətli məhkəmənin istifadə etdiyi idarəetmə texnikasının bir parçası olduğu halda, məsələnin Alıcıya çatdırıldığı vaxtla məhkəmə öncəsi müşavirənin keçirildiyi vaxt arasındakı müddət.
- Məhkəmə öncəsi müşavirə səlahiyyətli məhkəmənin istifadə etdiyi idarəetmə texnikasının bir parçası olduğu halda, məhkəmə öncəsi müşavirə və ilk iclas arasındakı müddət. Əks halda, məsələnin alıcıya çatdırıldığı vaxtla ilk iclasın keçirildiyi vaxt arasındakı müddət.
- Bütün məhkəmə işlərinin aparıldığı müddət. Buraya qısa məlumat və sübutların mübadiləsi, bir çox iclaslar, iclaslar arasındakı gözləmə müddətləri və ekspert rəyinin alınması daxildir.
- Dəlillərin təqdim olunduğu müddət bitdikdən sonra hakimin yazılı şəkildə yekun qərarı verməsi üçün lazım olan vaxt.
- Apellyasiya üçün müəyyən edilmiş vaxt limiti.
İcra mərhələsinə daxildir:
- Qərarın icra oluna bilən bir nüsxəsini almaq və əlaqəli icra idarəsi ilə əlaqə saxlamaq üçün lazım olan vaxt.
- Uduzan tərəfin daşınar əmlakı tapmaq, müəyyənləşdirmək, əl qoymaq və daşımaq üçün lazım olan vaxt (müvafiq hallarda, əmlakın təhkim edilməsi və girov götürülməsi məqsədilə məhkəmədən əmr almaq üçün lazım olan vaxt da buraya daxildir).
- Hərracın elanı, təşkil olunması və keçirilməsi üçün lazım olan vaxt. Əgər standart vəziyyətlə müqayisədə iddia dəyərini tam əldə etmək üçün birdən çox hərrac tələb olunarsa, onda hərraclar arasındakı müddət qeydə alınır.
- Hərrac uğurla başa çatdıqdan sonra qalib tərəfin iddia dəyərini tam əldə etməsi üçün lazım olan vaxt.
Xərc
Xərc adambaşına düşən gəlirin 200 faizi və ya 5,000 ABŞ dolları məbləğinə (hansı daha yüksəkdirsə) bərabər olduğu fərz edilən iddianın faizi kimi qeyd edilir. Xərclərin üç növü qeydə alınır: vəkil üçün orta xərclər, məhkəmə xərcləri və icra xərcləri.
Vəkil üçün orta xərclər Satıcı tərəfindən onu məhkəmədə müdafiə etməsi məqsədilə, yekun geri ödəmə nəzərə alınmadan, yerli vəkilə əvvəlcədən ödənilməli olan məbləğdir. Məhkəmə xərclərinə Satıcı (iddiaçı) tərəfindən, Satıcının yekun xərcləri nəzərə alınmadan, məhkəməyə ödənilməli olan məbləğ aiddir. Məhkəmə xərclərinə tərəflərin, birbaşa mütəxəssisə və ya məhkəməyə ödəməsindən asılı olmayaraq, mütəxəssis rəyi alınması məqsədilə etdikləri ödəniş də daxildir. İcra xərcləri, Satıcı tərəfindən çəkilən yekun xərcdən asılı olmayaraq, Alıcının daşınan əmlaklarının hərrac yolu ilə satışı vasitəsilə məhkəmə qərarının icrasını təmin etmək üçün Satıcının (iddiaçı) ödəməli olduğu bütün xərclərdir. Qeyri-rəsmi ödənişlər nəzərə alınmır.
Məhkəmə Proseslərinin Keyfiyyəti
Məhkəmə proseslərinin keyfiyyəti indeksi hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli (cədvəl 1).
Məhkəmə strukturu və prosesləri indeksi (0–5)
|
İxtisaslaşmış iqtisadi məhkəmənin, bölmə və ya şöbənin mövcudluğu (0–1.5)
|
Kiçik iddia məhkəməsi və/və ya kiçik iddialar üzrə sadələşdirilmiş prosedurun mövcudluğu (0–1.5)
|
Məhkəmədən əvvəl daşınar əmlakın təhkim oluna bilməsi (0–1)
|
Məhkəmə işləri üzrə hakimlərin təyin edilməsində istifadə olunan meyarlar (0–1)
|
Qadının ifadəsinin sübut çəkisi (-1–0)
|
Məhkəmə işlərinin idarə edilməsi indeksi (0–6)
|
Əsas məhkəmə hadisələri üçün vaxt standartlarını müəyyən edən qaydalar (0–1)
|
Təxirəsalma və davametmələr haqqında qaydalar (0–1)
|
İcra ölçü hesabatlarının olması (0–1)
|
Məhkəmə öncəsi müşavirənin olması (0–1)
|
Hakimlər üçün elektron iş idarəetmə sisteminin olması (0–1)
|
Vəkillər üçün elektron iş idarəetmə sisteminin olması (0–1)
|
Məhkəmənin avtomatlaşdırılması indeksi (0–4)
|
İlkin şikayəti elektron qaydada sənədləşdirmək imkanı (0–1)
|
İlkin şikayəti elektron qaydada vermək imkanı (0–1)
|
Məhkəmə haqlarını elektron qaydada ödəmək imkanı (0–1)
|
Məhkəmə qərarlarının dərc olunması (0–1)
|
Mübahisələrin alternativ həlli indeksi (0–3)
|
Arbitraj (0–1.5)
|
Könüllü vasitəçilik və (və ya) barışıq (0–1.5)
|
Hüquqi proseslərin keyfiyyət indeksi (0–18)
|
Məhkəmə strukturu və prosesləri indeksi, məhkəmə işinin idarə edilməsi indeksi, məhkəmənin avtomatlaşdırılması indeksi, mübahisələrin alternativ həlli indeklərinin cəmi
|
Məhkəmə strukturu və prosesləri indeksi
Məhkəmə strukturu və prosesləri indeksi beş komponentdən ibarətdir:
-
- Yalnız iqtisadi məhkəmə işlərinin dinlənilməsi ilə məşğul olan ixtisaslı iqtisadi məhkəmə, bölmə və ya şöbənin olması. Cavab bəli olarsa, 1.5 bal, xeyr olarsa, 0 bal verilir.
- Kiçik iddia məhkəməsinin və ya kiçik iddialar üzrə sürətli proseduran olması. Əgər belə məhkəmə və ya prosedur varsa, bütün mülki işlərə tətbiq olunursa və qanunla bu məhkəmə və ya prosedur vasitəsilə idarə edilə bilən işlərin dəyəri üzrə ən yuxarı hədd müəyyən edilmişdirsə, 1 bal verilir. Bu cür məhkəmə sadələşdirilmiş prosedurlar tətbiq etdikdə və ya proseduralar kiçik iddialar üzrə sadələşdirildikdə, bal verilir. Tərəflər bu məhkəmə qarşısında və ya bu prosedur zamanı özlərini təmsil edə bilərsə, əlavə 0.5 bal verilir. Əgər heç bir kiçik iddia məhkəməsi və ya sadələşdirilmiş prosedur yoxdursa, 0 bal verilir.
- İddiaçılar cavabdehin daşınan əmlakının yurisdiksiyadan kənara daşına biləcəyindən və ya hər hansı başqa şəkildə korlanacağından narahat olduqda, onların həmin əmlakın məhkəmədən əvvəl təhkim olunması hüququnu əldə edə bilməsi. Cavab bəli olarsa, 1 bal, xeyr olarsa, 0 bal verilir.
- Məhkəmə işləri üzrə hakimlərin səlahiyyətli məhkəmə vasitəsilə təsadüfən və avtomatlaşdırılmış şəkildə təyin edilməsi. Əgər işlərin təyin edilməsi təsadüfi və avtomatlaşdırılmış şəkildə baş verirsə, 1 bal; əgər proses təsadüfi seçim əsasında, lakin avtomatlaşdırma olmadan aparılırsa, 0.5 bal; əgər nə təsadüfi, nə də avtomatlaşdırılmış deyilsə, 0 bal verilir.
- Qadının ifadəsinin məhkəmədə kişinin ifadəsi ilə eyni sübut çəkisinə malik olması. Əgər qanunla istənilən növ mülki məhkəmədə (ailə məsələləri ilə bağlı məhkəmə halları daxil olmaqla) qadının ifadəsinin sübut dəyəri ilə kişinin ifadəsi arasında fərq müəyyən edilirsə, -1 bal, əks halda, 0 bal verilir.
İndeks üzrə qiymətlər -1–5 bal arasında dəyişir və daha yüksək qiymət ölkədə daha sistemli və təkmil məhkəmə strukturunun olmasını göstərir. Məsələn, Bosniya və Herseqovinada ixtisaslaşmış iqtisad məhkəməsi mövcuddur (1.5 bal) və kiçik iddialar özünü müdafiəyə imkan verən ixtisaslı bölmə vasitəsilə həll oluna bilir (1.5 bal). Əgər iddiaçılar məhkəmə müddətində daşınar əmlakın korlanmasından narahatdırsa, cavabdehin daşınar əmlakının məhkəmədən əvvəl təhkim olunması hüququnu əldə edə bilərlər (1 bal). Məhkəmə işləri elektron iş idarəetmə sistemi vasitəsilə təsadüfi şəkildə təyin edilir (1 bal). Qadının ifadəsi məhkəmədə kişinin ifadəsi ilə eyni sübut çəkisi daşıyır (0 bal). Beləliklə, bu balların cəmlənməsi nəticəsində Bosniya və Herseqovinaya məhkəmə strukturu və prosesləri indeksi üzrə 5 bal əldə edir.
Məhkəmə işlərinin idarə edilməsi indeksi
İş idarəetmə göstəricisi altı tərkib hissədən ibarətdir:
-
- Mülki prosessual hüquq üzrə qüvvədə olan qanun və ya qaydalarda aşağıdakı əsas məhkəmə hadisələrinin ən azı üçü üzrə vaxt standartlarının müəyyən edilməsi: (i) məhkəmə sənədlərinin təqdim edilməsi; (ii) ilk dinləmə; (iii) müdafiə bəyanatının təqdim edilməsi; (iv) sübut müddətinin başa çatması; (v) mütəxəssis tərəfindən ifadənin təqdim edilməsi; (vi) yekun qərarın təqdim olunması. Əgər belə vaxt standartları mövcud olarsa və məhkəmə işlərinin 50 faizdən çoxunda riayət olunarsa, 1 bal, əgər onlar mövcud olarsa, lakin işlərin 50 faizdən çoxunda riayət edilməzsə, 0.5 bal verilir; əgər bu əsas məhkəmə hadisələrinin üçündən azı üzrə vaxt standartları müəyyən edilərsə və ya heç biri üçün vaxt standartları müəyyən edilməzsə, 0 bal verilir.
- təxirə salma və ya davametmələrin maksimum sayını tənzimləyən hər hansı qanunun olması, təxirəsalmaların yalnız gözlənilməz və müstəsna vəziyyətlərlə məhdudlaşdırılmasının qanunvericilikdə təsbit edilməsi və bu qaydaların işlərin 50 faizdən çoxunda riayət edilməsi. Əgər hər üç şərtə əməl edilərsə, 1 bal; üç şərtdən yalnız ikisinə əməl edilərsə, 0.5 bal; şərtlərin yalnız birinə əməl edilərsə və ya heç birinə əməl olunmazsa, 0 bal verilir.
- Səlahiyyətli məhkəmə haqqında məhkəmənin performansının monitorinqi, məhkəmə vasitəsilə işlərin gedişinin izlənməsi və müəyyən olunan vaxt standartlarına uyğunluğun təmin edilməsi məqsədilə səlahiyyətli məhkəmə haqqında performansın qiymətləndirilməsi üzrə ictimaiyyətə açıq hesabatların olması. Aşağıdakı dörd hesabatın ən azı ikisi açıq şəkildə ictimaiyyətə təqdim olunarsa, 1 bal verilir: (i) işlərin paylanması üzrə hesabat (məhkəmənin işlərin paylanması/həlli üçün sərf etdiyi vaxtın ölçülməsi); (ii) məhkəmə işlərinin həli üzrə hesabat (həll edilmiş məhkəmə işləri ilə yeni gələn məhkəmə işləri arasındakı nisbətin ölçülməsi); (iii) başa çatdırılmayan işlərin müddəti üzrə hesabat (başa çatdırılmayan məhkəmə işləri haqqında məhkəmə işinin növünə, gözlədilmə müddətinə, sonuncu dəfə həyata keçirilən tədbir və növbəti mərhələdə həyata keçirilməsi planlaşdırılan tədbir və bu kimi kateqoriyalar əsasında qısa məlumatı əks etdirən hesabat); və (iv) vahid işin gedişi üzrə hesabat (vahid işin statusu haqqında qısa məlumatın verilməsi). Əgər bu hesabatların yalnız biri təmin edilir və ya heç biri təmin edilmirsə, 0 bal verilir.
- Məhkəmə öncəsi müşavirənin səlahiyyətli məhkəmədən əvvəl istifadə olunan idarəetmə üsulları sırasında olması və həmin müşavirədə aşağıdakı məsələlərin ən azı üçünün müzakirə edilməsi: (i) planlaşdırma (şikayəti və digər sənədləri məhkəməyə təqdim etmək üçün vaxt çərçivəsi də daxil olmaqla); (ii) işin mürəkkəbliyi və məhkəmənin planlaşdırılan müddəti; (iii) şikayətin razılaşma və ya alternativ mübahisə həlli vasitəsilə həllinin mümkünlüyü; (iv) şahid siyahılarının mübadiləsi; (v) sübutlar; (vi) yurisdiksiya və digər prosessual məsələlər; və (vii) mübahisəli məsələlərin azaldılması. Əgər səlahiyyətli məhkəmə daxilində bu halların ən azı üçünün müzakirə edildiyi məhkəmə öncəsi müşavirə keçirilərsə, 1 bal, əks halda, 0 bal verilir.
- Səlahiyyətli məhkəmə daxilindəki hakimlər tərəfindən aşağıdakı məqsədlərin ən azı dördü üçün elektron iş idarəetmə sistemindən istifadə edilməsi imkanı: (i) qanun, qayda və presedent hüququ üzrə sənədlərə çıxış; (ii) onların gündəliyində olan bütün məhkəmə işləri üçün avtomatik qaydada dinləmə cədvəli yaratmaq; (iii) vəkillərə bildirişlər göndərmək (məsələn, elektron məktublar); (iv) gündəliyində olan məhkəmə işinin vəziyyətini izləmək; (v) iş sənədlərini (arayış, şikayətlər) nəzərdən keçirmək və idarə etmək; (vi) qərarların yazılmasına kömək etmək; (vii) yarımavtomatlaşdırılmış qaydada məhkəmə əmrlərini yaratmaq; və (viii) xüsusi bir iş üzrə məhkəmə əmrləri və qərarlarını nəzərdən keçirmək. Əgər hakimlərin bu məqsədlərin ən azı dördü üçün istifadə edə biləcəyi elektron iş idarəetmə sistemi mövcuddursa, 1 bal, əks halda 0 bal verilir.
- Vəkillər tərəfindən aşağıdakı məqsədlərin ən azı dördü üçün elektron iş idarəetmə sistemindən istifadə edilməsi imkanı: (i) qanun, qayda və presedent hüququ üzrə sənədlərə çıxış; (ii) məhkəməyə təqdim olunacaq formaları əldə etmək; (iii) bildirişlər almaq (məsələn, elektron məktublar); (iv) məhkəmə işinin vəziyyətini izləmək; (v) iş sənədlərini (arayış, şikayətlər) nəzərdən keçirmək və idarə etmək; (vi) arayış və sənədləri məhkəməyə təqdim etmək; və (vii) xüsusi bir iş üzrə məhkəmə əmrləri və qərarlarını nəzərdən keçirmək. Əgər vəkillərin bu məqsədlərin ən azı dördü üçün istifadə edə biləcəyi elektron iş idarəetmə sistemi mövcuddursa, 1 bal, əks halda 0 bal verilir.
Göstərici 0-6 arasında dəyişir və daha yüksək göstərici ölkədə daha keyfiyyətli və səmərəli iş idarəetmə sisteminin olduğunu göstərir. Məsələn, Avstraliyada tətbiq olunan mülki proses vasitələrində ən azı üç əsas məhkəmə hadisəsi üçün vaxt standartları müəyyən edilmişdir və bu standartlar işlərin 50 faizdən çoxunda gözlənilir (1 bal). Qanunvericilikdə müəyyən edilmişdir ki, təxirəsalma yalnız gözlənilməyən və müstəsna vəziyyətlər üçün tətbiq oluna bilər və bu qayda işlərin 50 faizdən çoxunda gözlənilir (0.5 bal). Səlahiyyətli məhkəmə haqqında şikayətlərin paylanması üçün sərf edilən vaxt üzrə hesabat, məhkəmə işlərinin həlli üzrə hesabat, başa çatdırılmayan işlərin müddəti üzrə hesabat hazırlana bilər (1 bal). Məhkəmə öncəsi müşavirə Yeni Cənubi Uels Rayon Məhkəməsindən əvvəl istifadə olunan məhkəmə iş idarəetmə üsulları sırasındadır (1 bal). Hakim (1 bal) və vəkillər (1 bal) üçün yuxarıda təsvir olunan meyarları təmin edən elektron iş idarəetmə sistemi mövcuddur. Beləliklə, bu balların cəmlənməsi nəticəsində Avstraliya məhkəmə işlərinin idarə edilməsi indeksi üzrə bu göstərici üzrə hər hansı ölkə tərəfindən qazanıla biləcək ən yüksək balı – 5.5 bal əldə edir.
Məhkəmə sisteminin avtomatlaşdırılması indeksi
Məhkəmə sisteminin avtomatlaşdırılması indeksi dörd komponentdən ibarətdir:
-
- İlkin şikayətin səlahiyyətli məhkəməyə müvafiq platforma vasitəsilə (elektron məktub və ya faks vasitəsilə deyil) elektron şəkildə təqdim edilə bilməsi. Əgər cavab bəlidirsə və iddiaçıların daha sonra şikayəti kağız formada təqdim etməsinə ehtiyac yoxdursa, 1 bal, əks halda 0 bal verilir. Ərizələrin elektron təqdim edilməsi platforması, əlavə məmur-vətəndaş ünsiyyəti tələb edilmirsə və yerli ekspertlər elektron sistemdən həmin sistemin tam funksional olduğunu təsdiq edəcək qədər istifadə etmişdirsə, istifadəçi sayından asılı olmayaraq qəbul edilir.
- Səlahiyyətli məhkəmədə qaldırılmış iş üzrə ilkin şikayətin cavabdehə (Alıcıya) ayrıca sistem və ya elektron məktub, faks və ya qısa mesaj xidməti (SMS) vasitəsilə elektron şəkildə təqdim oluna bilməsi. Əgər cavab bəlidirsə və əlavə sənədin təqdim edilməsi tələb edilmirsə, 1 bal, əks halda, 0 bal verilir. Sənədlərin elektron təqdim edilməsi sistemi, əlavə məmur-vətəndaş ünsiyyəti tələb edilmirsə və yerli ekspertlər elektron sistemdən həmin sistemin tam funksional olduğunu təsdiq edəcək qədər istifadə etmişdirsə, istifadəçi sayından asılı olmayaraq qəbul edilir.
- Məhkəmə haqlarının ayrıca platforma və ya elektron bank sistemi vasitəsilə elektron şəkildə ödənilməsi imkanı. Əgər cavab bəlidirsə, iddiaçıdan sonrakı mərhələdə qəbzi kağız və ya möhürlü formada təqdim etmək tələb olunmursa, 1 bal, əks halda 0 bal verilir. Elektron ödəniş sistemi, əlavə məmur-vətəndaş ünsiyyəti tələb edilmirsə və yerli ekspertlər elektron sistemdən həmin sistemin tam funksional olduğunu təsdiq edəcək qədər istifadə etmişdirsə, istifadəçi sayından asılı olmayaraq qəbul edilir.
- Yerli məhkəmələr tərəfindən çıxarılan qərarların rəsmi qəzetlərdə, qəzet və ya internetdə nəşr edilməklə ümumi ictimaiyyətə təqdim edilməsi. Əgər bütün səviyyələrdə iqtisadi məsələlər üzrə çıxarılan qərarlar ictimaiyyətə açıqlanarsa, 1 bal, əgər yalnız apellyasiya və ali məhkəmə səviyyəsində çıxarılan qərarlar ictimaiyyətə açıqlanarsa, 0.5 bal, bütün digər hallarda isə 0 bal verilir. Əgər qərarların nüsxəsini əldə etmək üçün məhkəmələrdən fərdi qaydada sorğu edilməlidirsə və ya məhkəmə işinin nömrəsi və ya tərəflər haqqında məlumat təqdim edilməlidirsə, heç bir bal verilməyəcəkdir.
İndeks üzrə qiymətləndirmə 0–4 bal arasında dəyişir və yüksək göstərici daha avtomatlaşdırılmış, effektiv və şəffaf məhkəmə sistemini əks etdirir. Məsələn, Estoniyada ilkin çağırışların elektron şəkildə təqdim edilməsi (1 bal), cavabdeh tərəfə elektron şəkildə verilməsi (1 bal) və məhkəmə xərclərinin elektron şəkildə ödənilməsi imkanı mövcuddur (1 bal). Əlavə olaraq, bütün səviyyələrdə iqtisadi məhkəmə üzrə qərarlar internet vasitəsilə ictimaiyyətə təqdim edilir (1 bal). Bu balların cəmlənməsi nəticəsində Estoniya məhkəmə sisteminin avtomatlaşdırılması göstəricisi üzrə 4 bal əldə edir.
Mübahisələrin alternativ həlli indeksi
Mübahisələrin alternativ həlli indeksi altı komponentdən ibarətdir:
-
- Yerli iqtisadi arbitraj məhkəməsinin onun bütün aspektlərini əsaslı şəkildə əhatə etməklə vahid qanun və ya qüvvədə olan mülki prosessual məcəllənin vahid fəsli və ya bölməsi ilə tənzimlənməsi. Əgər cavab bəlidirsə, 0.5 bal, əks halda, 0 bal verilir.
- İctimai asayış, ictimai qayda, müflisləşmə, istehlakçı hüquqları, məşğulluq məsələləri və ya əqli mülkiyyət ilə əlaqəli hallar istisna olmaqla, bütün növ iqtisadi mübahisələr üzrə arbitraja müraciət imkanının olması. Əgər cavab bəlidirsə, 0.5 bal, əks halda, 0 bal verilir.
- Qüvvədə olan vahid arbitraj müddəaları və ya müqavilələrinin yerli məhkəmələr tərəfindən məhkəmə işlərinin 50 faizdən çoxunda həyata keçirilməsi. Əgər cavab bəlidirsə, 0.5 bal, əks halda, 0 bal verilir.
- Könüllü vasitəçiliyin, barışmanın və ya hər ikisinin iqtisadi mübahisələrin həll olunmasının qəbul edilmiş üsulu olması. Əgər cavab bəlidirsə, 0.5 bal, əks halda, 0 bal verilir.
- Könüllü vasitəçiliyin, barışmanın və ya hər ikisinin bütün aspektləri əsaslı şəkildə əhatə etməklə vahid qanun və ya qüvvədə olan mülki prosessual məcəllənin vahid fəsli və ya bölməsi ilə tənzimlənməsi. Əgər cavab bəlidirsə, 0.5 bal, əks halda, 0 bal verilir.
- Vasitəçilik və ya barışığa cəhd etmək istiqamətində tərəflər üçün hər hansı maliyyə stimullarının olması (məsələn, əgər vasitəçilik və ya barışıq uğurlu alınarsa, məhkəmə haqlarının qaytarılması, gəlir vergisi krediti və ya oxşar stimullar). Əgər cavab bəlidirsə, 0.5 bal, əks halda, 0 bal verilir.
İndeks üzrə göstərici 0-3 bal arasında dəyişir və daha yüksək göstərici mübahisələrin alternativ həlli mexanizmlərinin daha böyük səviyyədə olmasını əks etdirir. Məsələn, İsraildə arbitraj xüsusi qanunla tənzimlənir (0.5 bal), bütün müvafiq iqtisadi mübahisələr məhkəməyə təqdim oluna bilər (0.5 bal) və qüvvədə olan arbitraj müddəaları adətən məhkəmələr tərəfindən icra edilir (0.5 bal). Könüllü vasitəçilik iqtisadi mübahisələrin həll edilməsinin qəbul edilmiş üsuludur (0.5 bal), xüsusi qanunla tənzimlənir (0.5 bal) və əgər proses uğurlu olarsa, məhkəmə iddiası üzrə xərclərin bir hissəsi qaytarılır (0.5 bal). Bu balların cəmlənməsi nəticəsində İsrail mübahisələrin alternativ həlli indeksi üzrə 3 bal əldə edir.
Hüquqi proseslərin keyfiyyəti indeksi
Hüquqi proseslərin keyfiyyəti indeksi məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, məhkəmənin avtomatlaşdırılması, mübahisələrin alternativ həlli indekslərinin cəmidir. İndeks 0 – 18 bal arasında dəyişir və daha yüksək göstərici hüquqi proseslərin daha yaxşı və səmərəli olmasını göstərir.
İslahatlar
Müqavilələrin icrası indikatoru hər il iqtisadi mübahisələrinin həlli sistemlərinin səmərəliliyi və keyfiyyəti ilə bağlı dəyişiklikləri qeyd edir. Məlumatlar üzərindəki təsirdən asılı olaraq, müəyyən dəyişikliklər islahatlar kimi təsnif edilir və əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyini təsdiqləmək üçün hesabatın 2017/2018-ci il bölməsində “Doing Business” islahatları üzrə xülasədə verilir. İslahatlar biznes fəaliyyətini asanlaşdıran və biznes fəaliyyətini çətinləşdirən dəyişikliklər olmaqla iki qrupa bölünür. Müqavilələrin icrası indikatoru islahat olub-olmamasının müəyyən edilməsi məqsədi ilə üç meyardan istifadə edir.
Birinci, hüquqi proseslərin keyfiyyəti indeksi üzrə ölkənin balına təsir edən qanun və qaydalardakı dəyişikliklər islahat kimi müəyyən olunur. Hüquqi proseslərin keyfiyyəti indeksinə təsir edən islahatlara nümunə olaraq, ilkin şikayətin elektron şəkildə təqdim edilməsi üçün tədbirləri, iqtisadi məhkəmə və ya bölmənin yaradılması və ya kiçik iddiaları həll etmək üçün xüsusi sistemlərin təqdim olunması qeyd edilə bilər. Hüquqi proseslər keyfiyyəti indeksinə təsir edən dəyişikliklər həcminə və əhatə dairəsinə görə fərqlənə bilər və buna baxmayaraq islahat tədbiri kimi qeydə alına bilər. Məsələn, hakim və vəkillər üçün yeni elektron iş idarəetmə sisteminin tətbiqi göstəricidə 2 ballıq artıma imkan verən islahatı ifadə edir, lakin vasitəçilikdən istifadə etmək üçün tərəflər üçün stimulların təqdim edilməsi göstəricidəki 0.5 ballıq artımla islahatı ifadə edir.
İkincisi, mübahisəni həll etmək üçün vaxt və xərcə təsir edən dəyişikliklər onların təsir dairəsindən asılı olaraq islahatlar kimi müəyyən edilə bilər. Müqaviləlilərin icrası indikatoru üzrə metodologiyaya uyğun olaraq sərf edilən vaxt və xərc üzrə ən yüksək nəticəyə qədər nisbi məsafə üzrə 2 faiz və ya daha çox dəyişikliyə səbəb olan hər hansı bir yenilənmə islahat kimi təsnif edilir (bu dəyişikliyin rəsmi rüsumların avtomatik qiymət və ya əməkhaqqı indeksasiyası nəticəsində yaranması halı istisna olmaqla). Daha aşağı təsirə malik dəyişikliklər islahat olaraq qeydə alınmır, lakin həmin dəyişikliklərin təsiri bu göstərici qrupu üçün ən çox yenilənmiş göstəricilərdə əks etdirilir.
Üçüncüsü, qüvvədə olan mülki prosessual qanunvericilikdə mühüm dəyişikliklər, məsələn, gələcəkdə vaxt və xərclərə əhəmiyyətli təsiri gözlənilən genişhəcmli dəyişikliklər.