Hesabatı hazırlayan təşkilat barədə məlumat

                

                 Hesabatı hazırlayan təşkilat barədə məlumat

Dünya İqtisadi Forumu 1971-ci ildə  İsveçrənin Cenevrə şəhərində qeyri-hökumət təşkilatı kimi təsis edilib. Forum dünya liderləri arasında iqtisadiyyat, regional və qlobal məsələlər üzrə müzakirə və əməkdaşlıq platformasını təşkil edir, qlobal cağırışların həlli ilə bağlı ümumi yanaşma və hədəfləri müəyyənləşdirir. Təşkilat tədbirlərini konfrans formatında deyil görüşlər formatında təşkil edir.  Əsas məqsədi hər bir iştirakçıya müzakirə üçün maksimum dərəcədə imkanların yaradılmasıdır.

Təşkilatın təsisisçi və icraedici direktoru professor Klaus Şvarbdır. Təşkilatın işinə nəzarəti tanınmış iş adamları, siyasətçilər, akademik dairələrin nümayəndələri və vətəndaş cəmiyyətlərinin nümayəndələrinin daxil olduğu Qəyyumlar Şurası təmin edir. Təşkilatın idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti təşkilatın fəaliyyətini təmin edir və beynəlxalq münasibətlədə təşkilatı təmsil edir.

Təşkilatın fəaliyyəti əsasən aşağıdakı 3 strategji çağırışlar ətrafında cəmləşib: (i) dördüncü sənaye inqilabının təmin edilməsi, (ii) qlobal problemlərin həll edilməsi (iii) qlobal təhlükəsizlik məsələlərinin tənzimlənməsi. 

Təşkilat  daha çox Davos şəhərində mütəmadi olaraq hər il keçirilən Davos forumu ilə tanınır. Davos Forumu hər il yanvar ayının sonu, fevral ayının əvvəlində məşhur Davos dağ-xizək istirahət mərkəzində keçirilən ənənəvi illik görüşlərdir (istisna olaraq ABŞ-la həmrəylik nümayiş etdirmək məqsədi ilə baş vermiş 11 sentyabr terror aktından sonra sessiya 2002-cildə Nyu-York şəhərində keçirilmişdir, və 2013-cü ilin 7-8 aprel tarixlərində DİF forumu ilk dəfə olaraq Azərbaycanın paytaxtı, Bakı şəhərində keçirilmişdir. Forumum mövzusu “Cənubi Qafqazın və Orta Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” idi). Ənənələrə uyğun olaraq bu tədbirdə qeyri-rəsmi şəraitdə müasir dövrün aktual məsələləri, iqtisadi inkişafın perspektivləri, dünyada stabilliyin və sülhün möhkəmlənməsi, “qaynar nöqtələr”də vəziyyətin tənzimlənməsi kimi məsələlər müzakirə olunur. Davos görüşləri çərçivəsində 300-ə yaxın plenar iclaslar, seminarlar keçirilir, həmçinin ali dövlət xadimlərinin iştirakı ilə qısa görüşlər təşkil edilir.  Bu görüşlərdə qətnamələr qəbul edilmir və digər sənədlər üzrə qərarlar verilmir, lakin forum qeyri-rəsmi şəraitdə görüşərək dünya iqtisadiyyatı üçün əhəmiyyətli məsələləri müzakirə etməyə, yeni işgüzar əlaqələr qurmağa, üz-üzə qeyri-rəsmi danışıqlar aparmağa şərait yaradır.

Təşkilat Davos forumu ilə yanaşı bir sıra digər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Son dövrlərdə yaradılmış “Yüksək texnologiyalar pionerləri” birliyini (elmi-texniki tərəqqi sayəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərlərini əhatə edir), yaşı 40-dan az olan dünyanın inkişafına tövhə vermiş rəhbərləri birləşdirən  “Yeni qlobal liderlər forumu”nu qeyd etmək olar. Qeyd edilənlərdən əlavə olaraq,  regional və milli strategiyalar ilə bağlı tədbiləri təşkil edir.

Təşkilat yalnız müzakirələr üçün tribuna deyil o, həmçinin iqtisadi və siyasi araşdırmalar aparır. 1979-cu ildən bəri Təşkilat “Qlobal rəqabətçilik” adlı illik hesabat hazırlayır, 100-dən artıq ölkənin iki əsas indeksə görə qiymətləndirməsini aparır: potensial artım indeksi və qlobal rəqabətçilik indeksi. Son illərdə Təşkilat ayrı-ayrı regionların və iqtisadiyyat sahələrinin digər reytinqlərin hazırlanması ilə məşğuldur. 2005-ci ildə ayrıca olaraq “Ərəb dünyasının rəqabətçilik” hesabatı nəşr olunmuşdur. BMT Baş Assambleyasının 60 illik yubileyində Təşkilat dünyada yoxsulluq probleminin həlli üçün dövlətlərin və biznesin əməkdaşlığı barədə hesabat hazırlamışdır.

Təşkilatın strateji məqsədi gələcəkdə əsas beynəlxalq Dövlət-Özəl Sektor Əməkdaşlıq Təşkilatına çevrilməkdir. Əsas məqsəd milli, regional və qlobal miqyasda əməkdaşlığın yeni sistemlərini formalaşdırmaq, başqa sözlə beynəlxalq əməkdaşlığın “əməliyyat sistemini” təşkil etməkdir.

Təşkilat illik olaraq “Qlobal rəqabətlilik hesabatı”nı dərc edir. İlk hesabat 1979-cu ildə nəşr olunmuşdur. 2004-cü ildən bəri hesabat ölkələri “Qlobal rəqabətçilik indeksi” üzrə sıralayır. Qlobal rəqabətçilik hesabatı ölkələrin öz vətəndaşlarının yüksək həyat tərzini təmin etmə qabiliyyətini qiymətləndirir. Bu indeksə ilk növbədə ölkənin malik olduğu resursları səmərəli istifadə və idarə etməsi təsir göstərir. Eyni zamanda həyat tərzinin bazar iqtisadiyyatı şəraitində yüksək səviyyədə təmin edilməsi üçün əməyin məhsuldarlığının və malların, xidmətlərin keyfiyyətinin daimi artırılması tələbi göstərilir. Hesabatda qiymətləndirmə meyarı olaraq 12 sütündan istifadə olunur.