Hesabatı hazırlayan təşkilat barədə qısa məlumat
Yaranma tarixi: Heritage Fondu Vaşinqtonda yerləşən mühafizəkar dövlət siyasəti beyin mərkəzidir. Əsası 1973-cü ildə Paul Ueyriç, Edvin Fölner və Cozef Kurs tərəfindən qoyulan Fondun yaradılmasında məqsəd siyasət qərarlarını qəbul edən şəxslərə vaxtlı-vaxtında və düzgün tədqiqat və araşdırmalar təklif etmək idi. Fond 1980-ci illərdə ABŞ prezidenti Ronald Reyqanın hakimiyyəti dövründə mühafizəkar hərəkatda aparıcı rola malik olmuşdur və prezidentin siyasəti Fondun “Liderlik Mandatı” çalışmasına əsaslanmışdır. O zamandan bəri Fond dövlətin siyasət qərarlarının qəbuluna mühüm təsir göstərməyə davam etmişdir və hal-hazırda da ABŞ-da ən böyük, təsirli və geniş dəstəkləyici kütləsinə malik mühafizəkar tədqiqat və tədris institutlarından biri hesab olunur.
Missiya və fəaliyyət: Heritage Fondunun missiyası azad sahibkarlıq, dövlətin məhdud rolu, fərdi azadlıq, ənənəvi Amerikan dəyərləri və güclü milli müdafiə prinsiplərinə əsaslanan mühafizəkar dövlət siyasətlərinin formalaşdırılması və təbliğidir. Bu missiyanı yerinə yetirmək üçün Fond əsas siyasət məsələləri ətrafında dövrə uyğun və etibarlı tədqiqatlar həyata keçirir və tədqiqat nəticələrinin Konqress üzvləri, Konqressin işçi heyəti, icra aparatındakı siyasət qərarlarını qəbul edən şəxslər, KİV və akademik və siyasi dairələrə çatdırılmasını təmin edir.
Müstəqil Qəyyumlar Şurası tərəfindən idarə olunan Fond müstəqil qeyri-kommersiya institutudur. Fond 500 mindən çox üzvün fərdi ödənişlərindən maliyyələşir, heç bir dövlət maliyyəsi qəbul etmir və müqavilə ilə fəaliyyət həyata keçirmir.
Əsas faktlar (rəqəmlər): Fondda 100-dən artıq siyasi ekspert fəaliyyət göstərir. Ötən il ərzində Fond tərəfindən Konqressə və prezidentliyə namizədlər üçün 175 brifinq keçirilmiş, mühafizəkar siyasət tədbirlərinin müzakirəsi üçün radio və televiziyaya 5200 müsahibə verilmiş və 30 Heritage eksperti Kapitol Hilldə (ABŞ Konqressi) şahidlik etmişdir. Təhlil göstərmişdir ki, Heritage Fondunun “Liderlik Mandatı” çalışmalarındakı siyasət təkliflərinin 64%-i ABŞ prezident Tramp tərəfindən təklif olunan büdcədə nəzərə alınmışdır. 2018-ci ildə Pensilvaniya Universitetinin Beyin Mərkəzləri və Mülki Cəmiyyətlər Proqramı Heritage Fondunu dövlət siyasətinə təsirinə görə 1 nömrəli beyin mərkəzi elan etmişdir.