Kreditlərin alınması

Kreditlərin alınması indikatoru üzrə metodologiya

 

Sxem 1. Borcverənlərin kredit almaq istəyən sahibkarlar haqqında informasiyaya çıxışları varmı? Qanun daşınar əmlakdan girov kimi istifadəyə imkan verirmi?

“Doing Business” bir sıra göstəricilər vasitəsilə təminatlı əqdlər ilə bağlı borcalanların və kreditorların qanuni hüquqlarını və bir sıra digər göstəricilər vasitəsilə isə kredit məlumatları barədə hesabatlılığı qiymətləndirir. Birinci qrup göstəricilər müvafiq girov və müflisləşməyə dair qanunvericilikdə kredit verməni asanlaşdıran müəyyən xüsusiyyətlərin mövcud olub-olmamasını qiymətləndirir. İkinci qrup göstəricilər isə kredit büroları və ya kredit reyestrləri kimi kredit barədə hesabatvermə xidməti təmin edənlər vasitəsilə mövcud kredit məlumatlarının əhatəsini, tətbiq sahəsini və əlçatanlığını qiymətləndirir (Sxem 1). Kreditlərin alınmasının asanlığı üzrə ölkələrin reytinqi onların kreditlərin alınması üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Bu ballar hüquqi norma indeksi və kredit məlumatlarının dərinliyi indeksi üzrə balların cəmidir . 

BORCALANLARIN VƏ KREDİTORLARIN QANUNİ HÜQUQLARI

Borcalanların və kreditorların qanuni hüquqlarına dair məlumat maliyyə sahəsində ixtisaslaşmış hüquqşünaslar arasında aparılan sorğu vasitəsilə əldə edilir və qanun və qaydaların, həmçinin girov və müflislik üzrə qanunvericiliyə dair ictimaiyyətə açıq məlumatların təhlili vasitəsilə yoxlanılır. Sorğulara verilən cavablar bir neçə dəfə respondentlər ilə əlaqə qurmaqla, həmçinin üçüncü tərəflər ilə əlaqə saxlamaqla və ictimaiyyətə açıq mənbələri nəzərdən keçirilməklə yoxlanılır. Sorğu məlumatları bütün ölkələr üzrə telekonfrans zəngləri və ya ölkələrə səfərlər vasitəsilə təsdiq edilir.  

Hüquqi norma indeksi

Hüquqi norma indeksi girov və müflisləşməyə dair qanunvericilikdə borcalanların və kreditorların hüquqlarının müdafiəsi, bununla da  kreditləşmənin asanlığını dərəcəsini qiymətləndirir (Cədvəl 1). Hər bir ölkədə, ilk növbədə, vahid təminatlı əqdlər sisteminin olub-olmaması müəyyən edilir. Daha sonra iki ssenari (A və B variantları) əsasında sahiblik hüququ yüklülük verəndə qalmaqla yüklülük hüququnun yaradılması, açıqlanması və tutma yönəldilməsi forması müəyyən edilir. Yüklülük reyestrinin fəaliyyətinə xüsusi önəm verilir (yüklülük hüququnun qeydiyyatı mümkün olduğu hallarda). Hər iki ssenaridə təminatlı borcalan (ABC şirkəti) və təminatlı kreditor (BizBank) müəyyən edilmişdir.

Bir sıra ölkələrdə təminatlı əqdlər üçün hüquqi çərçivə yalnız A və ya B variantının (hər ikisinin deyil) tətbiq edilməsinə imkan verəcəkdir. Hər iki halda daşınar əmlakın girov olaraq istifadəsi ilə əlaqədar olan eyni hüquqi müddəalar nəzərdən keçirilir.

Təminatlı borcalan (ABC) və kreditor (BizBank) barədə bir sıra fərziyyələrdən istifadə edilir:

  • ABC yerli məhdud məsuliyyətli cəmiyyətdir (və ya onun hüquqi ekvivalentidir);
  • ABC-nin 50-dək işçisi vardır;
  • ABC-nin baş ofisi və əsas əməliyyatları ölkənin ən böyük biznes şəhərində yerləşir. 11 ölkəyə münasibətdə ikinci ən böyük biznes şəhəri üçün də məlumat toplanılır;
  • ABC və BizBank şirkətlərinin hər ikisi 100 faiz yerli mülkiyyətdədir.

Hüquqi norma indeksi (0–12)

Girov qanunvericiliyi vasitəsilə borcalanların və kreditorların hüquqlarının müdafiəsi (0–10)

Müflisləşmə qanunvericiliyi vasitəsilə təminatlı kreditorların hüquqlarının müdafiəsi (0–2)

Kredit məlumatlarının dərinliyi indeksi (0–8)

Kredit büroları və kredit reyestrləri vasitəsilə təmin olunan kredit məlumatının həcmi və əlçatanlığı (0–8)

Kredit bürosunun əhatəliliyi (yetkin yaşlı əhali sayına faiz nisbətində)

Ən böyük kredit bürosunda əhatə olunan fiziki və hüquqi şəxslərin sayı yetkin yaşlı əhalinin sayına faiz nisbətində

Kredit reyestrinin əhatəliliyi (yetkin yaşlı əhali sayına faiz nisbətində)

Kredit reyestrində əhatə olunan fiziki və hüquqi şəxslərin sayı yetkin yaşlı əhalinin  sayına faiz nisbətində

Cədvəl 1 – Kreditin əldə edilməsi ilə bağlı indikatorlar nəyi qiymətləndirir?

Hüquqi norma indeksi ölkədə təminatlı əqdlər üçün hüquqi çərçivənin nə dərəcədə təkmil və kompleks olmasını qiymətləndirmək məqsədilə yalnız birinci komponentdə daşınar əmlaka yüklülük hüququ üzrə funksional ekvivalentləri (məsələn, maliyyə lizinqi və ya mülkiyyət hüququ saxlanılmaqla satış) əhatə edir.

Hüquqi norma indeksi hüquq normalarının girov qanunvericiliyi üzrə 10, müflisləşmə qanunvericiliyi üzrə 2 aspektini əhatə edir. Qanunvericiliyin aşağıdakı hər bir komponenti üzrə 1 bal verilir:

  • Ölkədə daşınar əmlaka yüklülük hüququnun dörd funksional ekvivalentinin (mülkiyyət hüququnun fidusiar ötürülməsi, maliyyə lizinqləri, debitor borcların ötürülməsi, mülkiyyət hüququ saxlanılmaqla satış) yaranması, açıqlanması və tutma yönəldilməsini əhatə edən təminatlı əqdlər üzrə vahid yanaşmanı əks etdirən qanunvericilik bazası mövcuddur.
  • Qanun daşınar əmlakın  bir kateqoriyasının (məsələn, debitor borclar, maddi daşınar əmlaklar və inventar) yüklülük verənin (borclunun) sahibliyində qalmaqla ümumi formada təsvirinə icazə verir və girovun spesifik xüsusiyyətlərinin təsviri tələb edilmir.
  • Qanun mülkiyyətində olan bütün daşınar əmlakın yüklülük verənin (borclunun) sahibliyində qalmaqla ümumi formada təsvirinə icazə verir və girovun spesifik xüsusiyyətlərinin təsviri tələb edilmir.
  • Gələcəkdə əldə olunacaq əmlakın yüklü edilməsinə icazə verilir və belə yüklülük bəhərə, məhsula, habelə daşınar əmlakın əvəzlənməsi halında yeni daşınar əmlaka da avtomatik şamil olunur.
  • Tərəflər arasında bütün növ borc və öhdəliklər təmin oluna bilər və yüklülük müqaviləsində və reyestr sənədlərində bu cür borc və öhdəliklərin ümumi təsvirinə icazə verilir.
  • Fiziki və hüquqi şəxslər tərəfindən daşınar əmlak üzrə yüklülük hüququna dair yüklülük reyestri və ya qeydiyyat institutu fəaliyyətdədir, vahid coğrafi əhatəyə və borcalanların adları ilə indeksləşdirilmiş elektron məlumat bazasına malikdir.
  • Yüklülük reyestri bildiriş əsaslıdır – yalnız yüklülük hüququnun mövcudluğu barədə bildirişi (onun alt sənədlərini deyil) qeydə alan, lakin əməliyyatın hüquqi qiymətləndirməsini aparmayan reyestrdir. Reyestr həmçinin yüklülük hüququna funksional ekvivalentlər barədə məlumatlılığı da təmin edir.
  • Müflisləşmə prosedurları tətbiq edilmədən borclu ödəmə qabiliyyətini itirdikdə təminatlı kreditorların tələbləri ilk növbədə (məsələn, vergi və işçi tələblərindən əvvəl) ödənilir.
  • Ləğvetmə prosesi zamanı təminatlı kreditorların tələbləri ilk növbədə (məsələn, vergi və işçi tələblərindən əvvəl) ödənilir.
  • Borcluya məhkəmə nəzarətində olan sağlamlaşdırma tədbirləri tətbiq edildikdə təminatlı kreditorların tələbləri avtomatik dayandırılır. Qanun müəyyən əsaslar (məsələn, girov predmetinin məhv olmasına gətirib çıxara bilən hallar olduğu təqdirdə və ya həmin girov predmeti sağlamlaşdırma zamanı istifadə edilmədikdə) və müddət göstərməklə təminatlı kreditorları belə dayandırmadan istisna edir.
  • Qanun yüklülük müqaviləsinin bağlanması zamanı daşınar əmlaka tutma yönəldilməsinin məhkəmədənkənar qaydasına icazə verir. Qanun yüklülük sahibinin (kreditorun) daşınar əmlakı dövlət və ya özəl hərracda satmasına, habelə borc əvəzində daşınar əmlakı mülkiyyətinə götürməsinə icazə verir.

Bu indeks üzrə qiymətləndirmə 0-12 bal aralığında dəyişir və daha yuxarı göstərici girov və müflisləşməyə dair qanunvericilik bazasının kreditlərə əlçatanlığı artıracaq şəkildə daha yaxşı formalaşdırıldığını əks etdirir.

İslahatlar

Hüquqi norma indeksi üzrə hər il təminatlı əqdlər və müflisləşmə ilə əlaqədar dəyişikliklər izlənilir. Məlumatlar üzərindəki təsirdən asılı olaraq, müəyyən dəyişikliklər islahatlar kimi təsnif edilir və əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyini təsdiqləmək üçün hesabatın 2017/2018-ci il bölməsində “Doing Business” islahatları üzrə xülasədə verilir. İslahatlar biznes fəaliyyətini asanlaşdıran və biznes fəaliyyətini  çətinləşdirən dəyişikliklər olmaqla iki qrupa bölünür. Hüquqi norma indeksi islahatın tanınması üçün aşağıdakı meyardan istifadə edir.

Daşınar əmlaka yüklülük hüququnun (sahiblik hüququ yüklülük verəndə qalmaqla) və onun funksional ekvivalentlərinin yaranması, üçüncü şəxslərə açıqlanması və tutma yönəldilməsini tənzimləyən təminatlı əqdlər barədə qanunvericilik bazasının mövcudluğu üzrə ölkənin balına təsir edən bütün hüquqi və normativ dəyişikliklər. Hər il yeni qanunlar və dəyişikliklər qiymətləndirilməklə, girov kimi istifadə edilə biləcək aktivlərin seçimində maksimum imkanların təmin edilib-edilmədiyi, bununla da kiçik və orta müəssisələr tərəfindən kreditlərin əldə edilməsinin asanlaşdırılması nəzərdən keçirilir. Burada təlimatlar, model qaydalar, prinsiplər, tövsiyələr və presedent hüququ istisna edilir.

Hüquqi norma indeksinə təsir edən islahatlara təminatlı əqdlər üzrə qanuna, müflisləşmə haqqında məcəlləyə və ya mülki məcəlləyə edilən düzəlişlər və ya onların qəbul edilməsi, eləcə də yüklülük reyestrinin indikatorlarda qiymətləndirilən hər hansı elementinin yaradılması və ya müasirləşdirilməsi daxildir. Məsələn, yüklülük reyestrinin nəzərdə tutulduğu qanunun qəbulu və faktiki olaraq coğrafi cəhətdən mərkəzləşdirilmiş, daşınar əmlakın bütün növləri üzrə, habelə borclunun adı ilə axtarıla bilən fiziki və hüquqi şəxslər üzrə vahid yüklülük reyestrinin yaradılması 1 bal artıma imkan verən islahatı əks etdirəcək və buna görə də hesabatda islahat kimi qəbul ediləcəkdir.

KREDİT MƏLUMATLARI

Kredit məlumatları haqqında hesabat verməyə dair məlumatlar iki mərhələdə əldə edilir. Birincisi, kredit bürosu və ya kredit reyestri kimi kreditə dair hesabat vermə xidməti təminatçılarının mövcudluğunu təsdiq etmək üçün bank nəzarət orqanları və ictimaiyyətə açıq məlumat mənbələri sorğu edilir. İkincisi, müvafiq hallarda, kredit bürosunun və ya kredit reyestrinin strukturu, onları tənzimləyən qanunvericilik və ya müvafiq qaydalar barədə təfərrüatlı sorğu təqdim edilir. Sorğulara verilən cavablar kreditə dair hesabat vermə xidməti təminatçısının respondentləri ilə bir neçə dəfə əlaqə qurmaqla, həmçinin üçüncü tərəflər ilə əlaqə saxlamaqla və ictimaiyyətə açıq mənbələri nəzərdən keçirilməklə yoxlanılır. Sorğu məlumatları bütün ölkələr üzrə telekonfrans zəngləri və ya ölkələrə səfərlər vasitəsilə təsdiq edilir.   

Kredit məlumatlarının dərinliyi indeksi

Kredit məlumatlarının dərinliyi indeksi kredit bürosu və ya kredit reyestri vasitəsilə təmin olunan kredit məlumatının əhatəsi, həcmi və əlçatanlığına təsir edən qayda və təcrübələri qiymətləndirir.

Kredit bürosu və ya kredit reyestrinin (və ya hər ikisinin) aşağıdakı səkkiz xüsusiyyətinin hər birinə 1 bal verilir:

  • Fiziki və hüquqi şəxslərə dair məlumatlar verilir.
  • Həm pozitiv kredit məlumatları (məsələn, əsas borc məbləğləri, qalıq borc məbləğləri, vaxtında geri ödəmələrin ödəniş tərzi), həm də neqativ kredit məlumatları (məsələn, gecikdirilmiş ödəmələr, vaxtı keçmiş kreditlərin sayı və məbləği) verilir.
  • Maliyyə institutlarından əldə edilən məlumatlardan əlavə, pərakəndə satıcılar və ya kommunal şirkətlərdən əldə edilmiş məlumatlar da verilir.
  • Ən azı iki illik məlumatlar verilir. Borc geri ödənildikdən dərhal sonra ödənilməmiş borc barədə məlumatı silən və ya borc geri ödənildikdən sonra 10 ildən artıq müddətdə neqativ kredit məlumatını təqdim edən kredit büroları və reyestrləri bu komponent üzrə 0 bal əldə edir.
  • Adambaşına düşən gəlirin 1 faizindən aşağı kredit məbləğlərinə dair məlumatlar verilir.
  • Qanunvericiliyə uyğun olaraq, borcalanlar ölkədə ən böyük kredit bürosu və ya reyestrindən öz məlumatlarını əldə etmək hüququna malikdir. Məlumatların əldə edilməsi üçün borcalandan adambaşına düşən gəlirin 1 faizindən çox ödəniş tələb edən kredit büroları və reyestrləri bu komponent üzrə 0 bal əldə edir.
  • Banklar və digər maliyyə institutları kredit məlumatlarına onlayn çıxış imkanına malikdir (məsələn, veb interfeysi vasitəsilə, sistemlərarası inteqrasiya vasitəsilə və ya hər ikisi).
  • Banklar və maliyyə institutları tərəfindən borcalanların ödəmə qabiliyyətliliyinin qiymətləndirilməsi ilə bağlı əlavə xidmət kimi büro və ya reyestr tərəfindən kredit skorinqi xidməti göstərilir.

Bu indeks üzrə qiymətləndirmə 0-8 bal aralığında dəyişir və daha yüksək göstərici kredit verilməsinə dair qərarları asanlaşdırmaq üçün kredit bürosu və ya kredit reyestrindən daha çox kredit məlumatları almaq imkanının olmasını bildirir. Əgər kredit bürosu və ya reyestri işləmirsə və ya yetkin yaşlı əhalinin 5 faizdən daha az hissəsini əhatə edirsə, onda kredit məlumatlarının dərinliyi göstəricisi 0 bal ilə qiymətləndirilir.

Misal üçün, Litvada həm kredit bürosu, həm də kredit reyestri fəaliyyət göstərir və yetkin əhalinin 5 faizdən çox hissəsini əhatə edir. Hər ikisi hüquqi və fiziki şəxslər barədə məlumat təmin edir (1 bal). Kredit reyestri vaxtında geri ödəmələr barədə məlumat təmin etməsə də, kredit bürosu həm pozitiv, həm də neqativ kredit məlumatları təmin edir (1 bal). Kredit reyestri pərakəndə satıcılardan və ya kommunal şirkətlərdən məlumat təmin etməməsinə baxmayaraq, kredit bürosu bu cür məlumatları təmin edir (1 bal). Hər ikisi ən azı iki illik məlumatları təmin edir (1 bal). Həm reyestr, həm də büro adambaşına düşən gəlirin 1 faizindən aşağı məbləğdə borclara dair məlumatları təmin edir (1 bal). Borcalanlar ildə bir dəfə pulsuz olaraq həm kredit bürosunda, həm də kredit reyestrində öz məlumatlarına çıxış imkanına malikdirlər (1 bal). Hər iki müəssisə məlumat istifadəçilərinə veb-interfeys vasitəsilə məlumat bazasına giriş imkanı təmin edir (1 bal). Kredit reyestrinin kredit skorları verməməsinə baxmayaraq, kredit bürosu skor verir (1 bal). Bu balların cəmlənməsi nəticəsində Litva kredit məlumatlarının dərinliyi indeksi üzrə 8 bal əldə edir.

Kredit bürosunun əhatəliliyi

Kredit bürosunun əhatəliliyi göstəricisi 2018-ci il 1 yanvar tarixinə qədər kredit bürosunun məlumat bazasında son beş ildəki borc tarixçəsi ilə qeydiyyatda olan hüquqi və fiziki şəxslərin sayını, habelə son beş ildə borc tarixçəsi olmayan, lakin 2017-ci il 2 yanvar tarixindən 2018-ci il 1 yanvar tarixinədək borc verən tərəfindən bürodan kredit tarixçəsi sorğu edilmiş hüquqi və fiziki şəxslərin sayını göstərir. Bu göstərici yetkin yaşlı əhalinin (Dünya Bankının “Dünya İnkişaf Göstəriciləri”nə müvafiq olaraq 2017-ci ildə 15–64 yaşlı əhali qrupu nəzərdə tutulur) faiz nisbəti ilə ifadə edilir. Kredit bürosu dedikdə maliyyə sistemində borcalanların (hüquqi və fiziki şəxslər) kredit ödəmə qabiliyyətinə dair məlumat bazasına malik olan, bununla da kreditorlar arasında kredit məlumatlarının mübadiləsini asanlaşdıran özəl şirkət və ya qeyri-kommersiya təşkilatı nəzərdə tutulur (Təcrübədə bir çox kredit büroları bank və ümumi maliyyə nəzarəti fəaliyyətlərini dəstəkləyir, lakin bu onların fəaliyyətinin əsas məqsədi hesab edilmir). Banklar və digər maliyyə institutları arasında birbaşa olaraq məlumat mübadiləsinin asanlaşdırılması fəaliyyətini həyata keçirməyən kredit araşdırma büroları nəzərə alınmır. Əgər kredit bürosu mövcud deyilsə, əhatəlilik göstəricisinin qiyməti 0.0 faiz qeyd edilir.

Kredit reyestrinin əhatəliliyi

Kredit reyestrinin əhatəliliyi göstəricisi 2018-ci il 1 yanvar tarixinə qədər kredit reyestrinin məlumat bazasında son beş ildəki borc tarixçəsi ilə qeydiyyatda olan hüquqi və fiziki şəxslərin sayını, habelə son beş ildə borc tarixçəsi olmayan, lakin 2017-ci il 2 yanvar tarixindən 2018-ci il 1 yanvar tarixinədək borc verən tərəfindən reyestrdən kredit tarixçəsi sorğu edilmiş hüquqi və fiziki şəxslərin sayını göstərir. Bu göstərici yetkin yaşlı əhalinin (Dünya Bankının “Dünya İnkişaf Göstəriciləri”nə müvafiq olaraq 2017-ci ildə 15–64 yaşlı əhali qrupu nəzərdə tutulur) faiz nisbəti ilə ifadə edilir. Kredit reyestri dedikdə, dövlət, bir çox hallarda mərkəzi bank və ya bank nəzarəti orqanı tərəfindən idarə edilən və maliyyə sistemində borcalanların (hüquqi və fiziki şəxslər) kredit ödəmə qabiliyyətinə dair məlumatları toplayan, bununla da banklar və digər nəzarət edilən maliyyə institutları arasında kredit məlumatlarının mübadiləsini asanlaşdıran məlumat bazası nəzərdə tutulur (bu cür reyestrin fəaliyyətinin əsas məqsədi bank nəzarətinə dəstəkdir). Əgər heç bir kredit reyestri fəaliyyət göstərmirsə, əhatəlilik göstəricisinin qiyməti 0.0 faiz qeyd edilir.

İslahatlar

Kredit məlumatlarının dərinliyi indeksi hər il kredit bürosu və ya kredit reyestri vasitəsilə mövcud olan kredit məlumatlarının əhatəsi, həcmi və əlçatanlığı ilə əlaqədar dəyişiklikləri izləyir. Məlumatlar üzərində olan təsirlərdən asılı olaraq, müəyyən dəyişikliklər islahatlar kimi təsnifləşdirilir və əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyini təsdiqləmək üçün hesabatın 2017/2018-ci il bölməsində “Doing Business” islahatları üzrə xülasədə verilir. İslahatlar biznes fəaliyyətini asanlaşdıran və biznes fəaliyyətini  çətinləşdirən dəyişikliklər olmaqla iki qrupa bölünür. “Kredit məlumatlarının dərinliyi” göstəricisi islahat olub-olmamasının müəyyən edilməsi  məqsədi ilə üç meyardan istifadə edir.

Birincisi, ölkənin kredit məlumatları indeksi üzrə balına hər hansı təsiri olan qanun, normativ aktlar və təcrübələrdə bütün dəyişikliklər islahat kimi müəyyən olunur. Bu indeksə təsir edən islahatlara nümunə olaraq, neqativ kredit məlumatlarından əlavə pozitiv kredit məlumatlarının təmin olunması, kommunal şirkətlər və ya pərakəndə satıcılardan alınmış kredit məlumatlarının təmin olunması və ya əlavə xidmət kimi kredit skorlarının verilməsi ilə bağlı tədbirlər qeyd edilə bilər. İndeksin səkkiz elementindən hər hansı birində müvafiq ölkənin balını yaxşılaşdıran hər hansı dəyişiklik islahat hesab edilir. Bəzi islahatlar birdən çox elementə təsir edə bilər. Məsələn, yetkin əhalinin 5 faizindən çoxunu əhatə edən, fiziki və hüquqi şəxslər barədə məlumatları, o cümlədən həm pozitiv, həm də neqativ kredit məlumatlarını verən və məlumat istifadəçiləri üçün onlayn giriş imkanı təmin edən yeni kredit bürosunun yaradılması bu indeks üzrə qiymətin 3 bal artmasını təmin edir. Bundan fərqli olaraq, borcalanların ölkənin ən böyük kredit bürosunda və ya reyestrində öz məlumatlarına çıxış hüququnu təmin edən qanunvericiliyin qəbulu bu göstəricidə 1 bal artıma imkan verən islahatı əks etdirir.

İkincisi, ölkənin ən böyük kredit bürosu və ya reyestrində yetkin əhalinin 5 faizindən çoxunun əhatə olunmasını təmin edən dəyişikliklər də islahat kimi müəyyən oluna  bilər. Kreditlərin alınması indikatoru üzrə metodologiyaya müvafiq olaraq, kredit bürosu və ya reyestri fəaliyyət göstərmirsə və ya yetkin yaşlı əhalinin 5 faizdən az hissəsini əhatə edirsə, kredit məlumatlarının dərinliyi göstəricisi üzrə 0 bal verilir. İndeksin səkkiz elementi ilə əlaqəli olduğundan, islahatın təsiri ölkənin kreditlər üzrə hesabatvermə sisteminin xüsusiyyətlərindən asılı olacaqdır. Əhatə dairəsinin genişləndirilməsi ilə bağlı tədbirlər yetkin yaşlı əhalinin 5 faizindən yuxarı əhatəliliyi təmin etmədikdə, islahat kimi qeydə alınmır, lakin bu təsir ən son yenilənmiş statistikada qeyd edilir.

Üçüncüsü, bir sıra hallarda kredit məlumatları indeksi məlumatlara cari təsiri olmayan bir sıra qanunvericilik dəyişikliklərini islahat kimi qeydə alır. Bu hal bir qayda olaraq, qanunvericilikdə müstəsna əhəmiyyətə malik dəyişikliklərə şamil olunur (məsələn, kredit bürolarının fəaliyyətinə imkan verən qanunların və ya şəxsi məlumatların mühafizəsi barədə qanunların qəbulu).