Biznesə başlama

Biznesə başlama

 “Doing Business” sahibkarın sənaye və ya kommersiya fəaliyyətinə başlaması və müəssisənin fəaliyyəti üçün rəsmi qaydada tələb olunan və ya təcrübədə ümumi qaydada tətbiq olunan bütün prosedurları, habelə bu prosedurları tamamlamaq üçün sərf olunan vaxt, xərclər və ödənilən minimum kapital tələbini qeydə alır. Bu prosedurlara sahibkarların bütün lazımi razılıqların, lisenziyaların, icazələrin əldə edilməsi, habelə şirkət və işçilərlə bağlı tələb olunan hər hansı bildiriş, təsdiqnamə və ya təqdimatların aidiyyəti orqanlarda icrası zamanı keçdiyi proseslər daxildir. Sahibkarlıq fəaliyyətinə başlamanın asanlığı üzrə ölkələrin göstəriciləri qabaqcıl sərhəd göstəricisi (“Distance to Frontier – DTF”) ilə ölçülür. Bu göstərici müvafiq alt-göstəricilər üzrə qabaqcıl sərhəd göstəricilərinin ədədi ortasıdır.

Sahibkarlıq fəaliyyətinə başlama metodologiyasına əsasən yerli məhdud məsuliyyətli cəmiyyətlərin iki növü nəzərdən keçirilir. Hər iki şirkət tamamilə eyni xüsusiyyətlərə malikdir və yalnız bir şirkətin beş evli qadının, digər şirkətin isə beş evli kişinin mülkiyyətində olması ilə fərqlənir. Hər bir göstərici üzrə bal bu iki standartlaşdırılmış şirkət üzrə alt-göstəricilərin hər biri üçün əldə edilən balların ədədi ortası kimi hesablanır.

Sahibkarlıq fəaliyyətinə başlama ilə əlaqədar qanunlar, qaydalar və ictimaiyyətə açıq olan məlumatlar araşdırıldıqdan sonra prosedurların təfsilatlı siyahısı, o cümlədən normal hallarda hər bir proseduru yerinə yetirmək üçün tələb olunan vaxt və xərclər, habelə ödənilən minimum kapital tələbi ilə bağlı məlumatlar hazırlanır. Daha sonra, şirkətlərin təsis olunması sahəsində ixtisaslaşmış hüquqşünaslar, notariuslar və hökumət rəsmiləri məlumatları təhlil edərək təsdiqləyirlər.

Həmçinin, prosedurların hansı ardıcıllıqla tamamlanmalı olduğuna və prosedurların paralel şəkildə həyata keçirilməsinin mümkünlüyünə dair məlumatlar da toplanır. Tələb olunan hər hansı bir məlumata çıxışın asan olduğu və sahibkarın heç bir rüşvət vermədiyi fərz edilir. Yerli ekspertlər tərəfindən verilən cavablar fərqlənirsə, məlumatlarda uyğunluq əldə edilənə qədər sorğular davam edir.

Məlumatların ölkələr üzrə müqayisəliliyini təmin etmək üçün müəssisələr və prosedurlar barədə bir sıra fərziyyələr tətbiq olunur.

 

Sahibkarlıq fəaliyyəti haqqında fərziyyələr

Sahibkarlıq subyekti:

  • Məhdud məsuliyyətli cəmiyyətdir (və ya onun qanuni ekvivalentidir). Ölkədə məhdud məsuliyyətli cəmiyyətlərin birdən çox növü varsa, yerli şirkətlər arasında ən çox yayılmış məhdud məsuliyyətli cəmiyyət forması seçilir. Ən geniş yayılmış forma haqqında məlumat şirkətlərin təsis edilməsi sahəsində ixtisaslaşmış hüquqşünaslardan və ya statistika qurumundan əldə edilir.
  • Ölkənin ən böyük biznes şəhərində fəaliyyət göstərir. On bir ölkəyə münasibətdə ikinci ən böyük biznes şəhəri üzrə də məlumatlar toplanır.
  • 100 faiz yerli mülkiyyətdədir və heç biri hüquqi şəxs olmayan beş mülkiyyətçisi vardır.
  • Nizamnamə kapitalı adambaşına düşən gəlirin 10 mislinə bərabərdir.
  • Ümumi sənaye və ya kommersiya fəaliyyətləri, məsələn, malların və xidmətlərin  istehsalı və ya əhaliyə satışı ilə məşğuldur. Müəssisə xarici ticarətdə iştirak etmir və xüsusi vergi rejimi tətbiq olunan, məsələn, içki və ya tütün kimi məhsullar emal etmir. Müəssisədə ətraf mühiti kəskin şəkildə çirkləndirən istehsal prosesləri həyata keçirilmişdir.
  • İstehsalat sahələrini və ya ofisləri icarəyə götürür və daşınmaz əmlak mülkiyyətçisi deyil.
  • Ofis sahəsinin illik icarə məbləği adambaşına düşən gəlirin bir mislinə bərabərdir.
  • Ofisin ümumi sahəsi təxminən 929 kvadrat metrdir (10.000 kvadrat fut).
  • İnvestisiya təşviqi və ya xüsusi imtiyazlar əldə etmək hüququ yoxdur.
  • Əməliyyatların başlanmasından bir ay sonra minimum 10, maksimum 50 nəfərə qədər işçisi var və bütün işçiləri yerli vətəndaşlardır.
  • Adambaşına düşən gəlirin ən az 100 mislinə bərabər dövriyyəyə malikdir.
  • 10 səhifəlik şirkət müqaviləsinə malikdir.

Mülkiyyətçilər:

  • Qanunla müəyyən edilmiş yetkinlik yaşına çatmış və yetkin insanlar kimi qərar qəbul etmək bacarığına malik şəxslərdir. Əgər qanunla yetkinlik yaşı müəyyən edilməmişdirsə, mülkiyyətçilərin 30 yaşında olduğu fərz edilir.
  • Sağlam düşüncəli, səriştəli, sağlamlıq vəziyyəti yaxşı olan və barəsində cinayət işi açılmamış şəxslərdir.
  • Evlidir, nikah monoqamikdir və səlahiyyətli orqanlar tərəfindən qeydə alınmışdır.
  • Sualların cavabları, qadına və ya kişiyə münasibətdə tətbiq olunan hüquq sisteminə (hüquqi plüralizmin mövcud olduğu ölkələrdə olduğu kimi) əsasən fərqləndiyi halda, əhalinin əksəriyyətinə şamil edilən cavablar nəzərə alınır.

Prosedurlar

Prosedur dedikdə, şirkət təsisçilərinin xarici tərəflərlə (məsələn, dövlət orqanları, hüquqşünaslar, auditorlar və notariuslar) və ya həyat yoldaşları ilə (əgər qanunla tələb olunarsa) qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Şirkətin təsisçiləri və ya şirkət rəsmiləri və əməkdaşları arasındakı qarşılıqlı əlaqələr prosedur kimi təsnif edilmir. Eyni binada, lakin müxtəlif ofislərdə və ya müxtəlif iş masalarında tamamlanmalı olan prosedurlar ayrı-ayrı prosedurlar kimi nəzərə alınır. Təsisçilər müxtəlif ardıcıl prosedurlar üçün eyni ofisə bir neçə dəfə gəlməlidirsə, bu prosedurların hər biri ayrılıqda hesaba alınır. Üçüncü tərəfdən istifadənin qanunla nəzərdə tutulduğu və ya sahibkarların əksəriyyəti tərəfindən tələb olunduğu hallar istisna olmaqla, təsisçilərin bütün prosedurları heç bir vasitəçi, köməkçi, mühasib və ya hüquqşünas olmadan şəxsən icra etdikləri fərz edilir. Mütəxəssislərin xidmətləri tələb olunursa, bu mütəxəssislər tərəfindən şirkət adından həyata keçirilən prosedurlar ayrıca prosedurlar kimi təsnif edilir. Hər bir elektron prosedur ayrıca prosedur hesab edilir. Bir biznes müəssisəsinə sahib olmaq və ya evdən çıxmaq üçün həyat yoldaşlarının razılıqları qanunla tələb olunursa və ya belə bir razılığın əldə edilməməsi həyat yoldaşının qanunla nəzərdə tutulan aqibətlə üzləşməsi, məsələn, maliyyə dəstəyi hüququnu itirməsi ilə nəticələnərsə, bu cür razılıqlar ayrıca prosedur hesab edilir. Şirkətin qeydiyyatı və fəaliyyəti üçün yalnız bir cins tərəfindən tələb olunan icazələrin alınması və ya milli şəxsiyyət vəsiqəsi üçün yalnız bir cins tərəfindən tələb olunan əlavə sənədlərin əldə edilməsi əlavə prosedurlar hesab edilir. Bu halda, digər həyat yoldaşı üçün deyil, tək bir həyat yoldaşı üçün tələb olunan prosedurlar nəzərə alınır. Sahibkarın formal olaraq biznes fəaliyyətinə başlaması üçün rəsmi qaydada tələb olunan və ya əksər hallarda təcrübədə tətbiq olunan həm qeydiyyatdan əvvəlki, həm də qeydiyyatdan sonrakı prosedurlar qeydə alınır.

Dövlət orqanları ilə rəsmi yazışmalar və əməliyyatlar üçün tələb olunan prosedurlar da nəzərə alınır. Məsələn, vergi bəyannamələri kimi rəsmi sənədlərdə şirkətin möhürü və ya ştampı tələb olunursa, möhürün və ya ştampın əldə edilməsi nəzərə alınır. Oxşar qaydada, əgər şirkət əlavə dəyər vergisi üçün qeydiyyatdan keçmək və ya minimum kapital depozitinin sübutunu göstərmək kimi hər hansı növbəti proseduru tamamlamaq üçün bank hesabı açdırmalıdırsa, bu əməliyyat prosedur kimi nəzərə alınır. Qısa yollar yalnız dörd meyara cavab verdikdə nəzərə alınır: qısa yollar qanunidir, ümumi ictimaiyyətə açıqdır, şirkətlərin əksəriyyəti tərəfindən istifadə olunur və onların qarşısını almaq gecikmələrə səbəb olur.

Yalnız bütün müəssisələr üçün tələb olunan prosedurlar daxil edilir. Sahə üzrə spesifik prosedurlar istisna olunur. Məsələn, ətraf mühitin qorunması qaydalarına riayət etməklə bağlı prosedurlar yalnız ümumi kommersiya və ya sənaye fəaliyyətlərini həyata keçirən bütün müəssisələrə tətbiq edildikdə nəzərə alınır.

Şirkətin elektrik enerjisi, su, qaz və tullantı sularının axıdılması xidmətlərinə qoşulma prosedurları sahibkarlıq fəaliyyətinə başlama göstəricilərinə daxil edilmir.

Vaxt

Vaxt təqvim günləri ilə qeyd olunur. Bu göstərici şirkətlərin təsis edilməsi sahəsində ixtisaslaşmış hüquqşünasların və ya notariusların dövlət orqanlarında minimum əlavə icra prosesi ilə və qeyri-rəsmi ödənişlər olmadan proseduru başa çatdırmaq üçün təcrübədə zəruri hesab etdikləri orta müddəti əhatə edir. Hər bir prosedur üçün tələb olunan minimum vaxt bir gün qəbul edilir, lakin onlayn qaydada tam başa çatdırılması mümkün olan prosedurlar üçün lazım olan minimum vaxt yarım gün qeyd olunur. Prosedurlar paralel şəkildə icra edilə, lakin eyni gündə başladıla bilməz (yəni eyni zamanda icra edilən prosedurlar ardıcıl günlərdə başladılır). Şirkət yekun nizamnamə (təsis edilmə) sənədini əldə etdikdən və ya rəsmi qaydada sahibkarlıq fəaliyyətinə başladığı zaman qeydiyyat prosesi tamamlanmış hesab edilir. Əgər prosedur əlavə xərclərlə qanuni yolla sürətləndirilə bilərsə, ən sürətli prosedur seçilir, bu şərtlə ki bu seçim ölkənin qabaqcıl sərhəd göstəricisinin yüksəldilməsinə imkan versin. Həyat yoldaşının razılığını əldə edərkən, razılığın notarial qaydada təsdiqlənməsi tələb olunduğu hallar istisna olmaqla, razılığın heç bir əlavə xərc çəkmədən verildiyi fərz edilir. Sahibkarın vaxt itirmədiyi və hər bir növbəti proseduru heç bir yubanma olmadan tamamlamaqla bağlı öhdəliyi olduğu təxmin edilir. Sahibkarın məlumatların toplanmasına sərf etdiyi vaxt nəzərə alınmır. Sahibkarın bütün qeydiyyat tələbləri və onların ardıcıllığı barədə qabaqcadan məlumatlı olduğu, lakin aidiyyəti vəzifəli şəxslərlə əvvəlcədən heç bir təmasının olmadığı güman edilir.

Xərclər

Xərc ölkədə adambaşına düşən gəlirin faiz nisbəti kimi qeydə alınır. Xərclər, qanunla tələb edildiyi və ya təcrübədə bir qayda olaraq tətbiq edildiyi təqdirdə bütün rəsmi rüsumları, habelə hüquqi və ya peşəkar xidmətlər üçün ödənişləri əhatə edir. Qanunla tələb edilən əməliyyatlar olduğu təqdirdə, şirkətin mühasibat dəftərlərinin satınalınması və leqallaşdırılması üçün ödənişlər də xərc kimi nəzərə alınır.  Əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyat ayrı prosedur kimi hesab edilə bilsə də, əlavə dəyər vergisi qeydiyyat (təsis olunma) xərclərinin tərkibinə daxil edilmir. Xərclərin hesablanmasında şirkətlər haqqında qanundan, kommersiya məcəlləsi  və xüsusi qaydalardan, habelə xidmət tariflərindən mənbə kimi istifadə edilir. Xidmət tarifləri olmadıqda, dövlət rəsmisinin hesablamalarına rəsmi mənbə kimi istinad edilir. Dövlət rəsmisinin hesablamaları olmadıqda, şirkətlərin qeydiyyatı ilə məşğul olan ekspertlər tərəfindən müəyyənləşdirilən hesablamalardan istifadə olunur. Şirkətlərin qeydiyyatı ilə məşğul olan ekspertlər müxtəlif hesablamalar təqdim edərsə, bəyan edilmiş qiymətlər üzrə median göstərici tətbiq olunur. Bütün hallarda, qeyri-rəsmi ödənişlər xərc kimi nəzərə alınmır.

Ödənilən minimum kapital

Ödənilmiş minimum kapital tələbi sahibkar tərəfindən qeydiyyata alınmazdan əvvəl və ya təsis edildikdən sonrakı üç aya qədər müddətdə banka və ya üçüncü tərəflə (məsələn, notarius) yerləşdirilməli olan depozit məbləğini əks etdirir və ölkədə adambaşına düşən gəlirin faiz nisbəti olaraq qeyd olunur. Sözügedən məbləğ kommersiya məcəlləsində və ya şirkətlər haqqında qanunda müəyyən edilir.

Hüquq norması qəbul olunmalı, tətbiq olunmalı və tam şəkildə icra edilməlidir. Minimum kapital tələbinin ödənilməsi ilə əlaqədar şirkətin əməliyyatlarına və ya qərarlarına hər hansı hüquqi məhdudiyyət olarsa, bu cür məhdudiyyətlər qeydə alınır. Qanunla tələb olunan minimum kapital hər səhm üzrə təqdim edildiyi halda, bu məbləğ şirkətdə payı olan səhmdarların sayına vurulur. Bir çox ölkələrdə minimum kapital tələb edilsə də, müəssisələr tərəfindən həmin kapitalın bir hissəsinin qeydiyyata alınmazdan əvvəl, qalan hissəsinin isə fəaliyyətinin ilk ilindən sonra ödənilməsinə icazə verilir. Məsələn, 2018-ci ilin may ayında El-Salvadorda minimum kapital tələbi 2000 ABŞ dolları təşkil etmiş, bu məbləğin yalnız 5 faizinin qeydiyyatdan əvvəl ödənilməsi tələbi müəyyən edilmişdir. Bu səbəbdən, El-Salvadorda ödənilən minimum kapital 100 ABŞ dolları və ya adambaşına düşən gəlirin 2,7 faizini təşkil edir.

İslahatlar

“Sahibkarlıq fəaliyyətinə başlama” indikatoru hər il məhdud məsuliyyətli cəmiyyətin təsis edilməsi və fəaliyyətinin asanlaşdırılması ilə bağlı dəyişiklikləri izləyir. Məlumatlar üzərində olan təsirlərdən asılı olaraq, müəyyən dəyişikliklər islahatlar kimi təsnif edilir və əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyini təsdiqləmək üçün hesabatın 2017/2018-ci il bölməsində “Doing Business” islahatları üzrə xülasədə verilir. İslahatlar biznes fəaliyyətini asanlaşdıran və biznes fəaliyyətini  çətinləşdirən dəyişikliklər olmaqla iki qrupa bölünür. “Sahibkarlıq fəaliyyətinə başlama” göstəricisi islahat olub-olmamasının müəyyən edilməsi  məqsədi ilə bir meyardan istifadə edir.

İndikator üzrə ən yüksək nəticəyə qədər olan  məcmu boşluqdan istifadə edilərək dəyişikliklərin təsiri qiymətləndirilir. Ən yüksək nəticəyə qədər nisbi məsafə üzrə 2 faiz və ya daha çox dəyişikliyə səbəb olan hər hansı bir yenilənmə islahat kimi təsnif edilir. Məsələn, şirkətin qeydiyyatı üçün yeni “bir pəncərə” prinsipinin tətbiqi ilə vaxt və prosedurlar azalarsa, bununla da ümumi nisbi məsafə 2 faiz və ya daha çox aşağı düşərsə, bu dəyişiklik bir islahat olaraq təsnif edilir. Nisbi məsafəyə 2 faizdən az məcmu təsir göstərən kiçik rüsum dəyişiklikləri və ya digər kiçik dəyişikliklər islahat kimi təsnif edilmir, lakin məlumat müvafiq olaraq yenilənir.

Bu metodologiya Djankov və digərləri tərəfindən hazırlanmış (2002) və kiçik dəyişikliklərlə qəbul edilmişdir.