Hesabatı hazırlayan təşkilat barədə məlumat

Dünya Bankı

Doing Business Hesabatı Dünya Bankı tərəfindən hazırlanır. Dünya Bankının əsası Bretton Vuds müqaviləsi ilə İkinci Dünya Müharibəsi zamanı müflisləşmiş ölkələrə yardım etmək məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) yaradılması ilə qoyulmuşdur. BYİB 27 dekabr 1945-ci ildə yaradılmış, fəaliyyətə isə 25 iyun 1946-cı ildə başlamışdır. Hazırda  Dünya Bankı Qrupu müxtəlif sahələrdə ixtisaslaşmış 5 agentlikdən – BYİB, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdən ibarətdir.

Dünya Bankı Qrupunun baş qərargahı Vaşinqtonda yerləşir, Təşkilatın prezidenti isə 2012-ci ildən etibarən Jim Yong Kimdir. 189 üzv ölkənin cəmləşdiyi təşkilat 170-dən artıq ölkədən olan heyətin çalışdığı 130-dan artıq nümayəndəliyə sahibdir. Dünya bankı tərəfindən 45 milyarddan artıq kredit və qrantlar ayrılmış, 12 000 layihə həyata keçirilmişdir.

Dünya Bankı Qrupu inkişafla bağlı böyük əhəmiyyətli sahələrdə fəaliyyət göstərir. Ölkələrə onların qarşılaşdığı problemlərə dair həll yollarının tapılmasında, innovativ biliklərin tətbiqində,  maliyyə  və texniki dəstək təminatında yardımçı funksiyanı daşıyır.  

          Təşkilat fəaliyyətini iki əsas missiya üzrə həyata keçirir:

            -2030-cu ilədək, dünya üzrə həddindən artıq yoxsul əhalini 3 faizə endirməklə ifrat yoxsulluğa son verilməsi;

            -Hər bir ölkənin əhalisinin ən yoxsul 40 faizinin gəlirlərini artırmaqla ümumi rifahın təmin edilməsi.

Dünya Bankı Qrupu Azərbaycanla sıx əlaqələrə sahibdir. Belə ki, Azərbaycan Qrupun bütün agentliklərinin −1992-ci il 18 sentyabrdan etibarən Beynəlxalq Yenidənqurma və İnkişaf bankının, 1995-ci il 31 mart tarixindən Beynəlxalq İnkişaf Assosiasiyasının, 1995-ci il 11 oktyabr tarixindən Beynəlxalq Maliyyə Korporasiyasının, 1992-ci il 23 sentyabr tarixindən İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin və 1992-ci il 18 oktyabr tarixindən  İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzin üzvüdür. 1996-cı ildə isə Bankın Azərbaycanda yerli nümayəndəliyi açılmışdır.

Dünya Bankı Azərbaycanda 2010-cu ildən başlayaraq 11 layihəyə imza atmışdır. Layihələr arasında kənd təsərrüfatı, su təchizatı, magistral yolların çəkilməsi, bərk məişət tullantılarının idarə edilməsi, məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi, həmçinin, “Cənub Qaz Dəhlizi” layihəsi yer almaqdadır.

 

Doing Business Hesabatı

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” Hesabatı illik əsasda yayımlanır və hər il  31 oktyabr tarixində dərc olunur. İlk dəfə 2002-ci ildən hazırlanmağa başlanmış və ilk hesabat 2003-cü ildə dərc edilmişdir. “Doing Business”-in ilk hesabatında 133 ölkə, 2017 və 2018-ci illərdə isə 190 ölkə qiymətləndirilmişdir.

Doing Business müxtəlif ölkələrdə biznesin tənzimlənmə mühitini müəyyən zaman kəsiyində müqayisə etmək məqsədi ilə hərtərəfli məlumatlar toplayıb təhlil edərək ölkələri daha effektiv tənzimləmə istiqamətində rəqabətə təşviq edir. Bundan əlavə, islahatlar üçün ölçülə bilən meyarlar təklif edir, həmçinin, alimlər, özəl sektor nümayəndələri, jurnalistlər və bizneslə maraqlanan digər şəxslər üçün məlumat qaynağı rolunu oynayır.

Hesabatın əsas məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir. “Doing Business” hesabatında biznes mühiti, biznes proseslərinin səmərəliliyi və effektivliyi 11 indikator və 45 alt-indikatordan istifadə edərək qiymətləndirilir. Hesabatda əks olunan 10 indikator birgə Biznesin aparılmasının asanlığı indeksini formalaşdırır. Burada əmək bazarının səmərəliliyi indikatoru nəzərə alınmır. Beləliklə, Biznesin aparılmasının asanlığı indeksi aşağıdakı cədvəldə əks olunan göstəricilərə əsasən müəyyənləşdirilir:

   

İndikatorlar

Alt-indikatorlar

Alt indikatorun  payı

1

Biznesə başlama

Prosedur (sayı)

25%

Vaxt (günlər)

25%

Xərclər (adambaşına düşən milli gəlirə % nisbətində)

25%

Minimal kapital (adambaşına düşən milli gəlirə % nisbətində)

25%

2

Tikinti icazələrinin alınması

Prosedur (sayı)

25%

Vaxt (günlər)

25%

Xərclər (əmlakın dəyərinə % nisbətində)

25%

Tikintidə keyfiyyətə nəzarət indeksi (0-15) 

25%

3

Elektrik təchizatı şəbəkələrinə qoşulma

Prosedur (sayı)

25%

Vaxt (günlər)

25%

Xərclər (adambaşına düşən milli gəlirə % nisbətində)

25%

Təchizatın etibarlılığı və tariflərin şəffaflığı indeksi (0-8)

25%

4

Əmlakın qeydiyyatı

Prosedur (sayı)

25%

Vaxt (günlər)

25%

Xərclər (əmlakın dəyərindən %-lə)

25%

Ərazi idarəetməsi keyfiyyəti indeksi (0-30)

25%

5

Kreditlərin alınması

Hüquqi normanın gücü indeksi (0-12)

60%

Kredit informasiyasının zənginliyi indeksi (0-8)

40%

6

Kiçik investorların müdafiəsi

Maraqların toqquşmasının tənzimlənməsi indeksi (0-10)

50%

Səhmdarın idarəetmə indeksi (0-10)

50%

7

Vergilərin ödənilməsi

Ödənişlər (il üzrə sayı)

25%

Vaxt (il üzrə saatlar)

25%

Ümumi vergi dərəcəsi (mənfəət %-lə)

25%

Bəyannamələr təqdim edildikdən sonra prosedurlar indeksi

25%

8

Sərhəddə ticarət

İxraca sərf olunan müddət

25%

İxraca sərf olunan xərclər

25%

İdxala sərf olunan müddət

25%

İdxala sərf olunan xərclər

25%

9

Müqavilələrin icrası

Vaxt (günlər)

33.3%

Xərclər (borc məbləğindən %-lə)

33.3%

Məhkəmə proseslərinin keyfiyyəti indeksi (0-18)

33.3%

10

Müflisləşmənin həlli

Ödəmə əmsalı

50%

Müflisləşmə çərçivəsinin gücü indeksi (0-16)

50%

“Doing Business”-in qeydə alınma prosesi qanunvericiliyin təkmilləşdirilməsi, praktiki icra və sahibkarların istifadəsi nəticəsində müsbət rəyin verilməsi mərhələləri olaraq ardıcıl şəkildə həyata keçirilir. Belə ki, hesabatın hazırlanması zamanı 4 əsas informasiya mənbəyi: müvafiq qanunlar və qanunvericilik aktları, respondentlərlə − sahibkarlarla aparılmış sorğuların nəticələri, ölkənin hökuməti və Dünya Bankının regional əməkdaşları tərəfindən verilən məlumatlardan istifadə edilir.