Dünya Bankı
Business Ready Hesabatı Dünya Bankı tərəfindən hazırlanır. Dünya Bankının əsası Bretton Vuds müqaviləsi ilə İkinci Dünya Müharibəsi zamanı müflisləşmiş ölkələrə yardım etmək məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) yaradılması ilə qoyulmuşdur. BYİB 27 dekabr 1945-ci ildə yaradılmış, fəaliyyətə isə 25 iyun 1946-cı ildə başlamışdır. Hazırda Dünya Bankı Qrupu müxtəlif sahələrdə ixtisaslaşmış 5 agentlikdən – BYİB, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdən ibarətdir.
Dünya Bankı Qrupunun baş qərargahı Vaşinqtonda yerləşir, Təşkilatın prezidenti isə 2023-cü il iyunun 2-dən etibarən Acay Banqadır. 189 üzv ölkənin cəmləşdiyi təşkilat 170-dən artıq ölkədən olan heyətin çalışdığı 130-dan artıq nümayəndəliyə sahibdir.
Dünya Bankı Qrupu inkişafla bağlı böyük əhəmiyyətli sahələrdə fəaliyyət göstərir. Ölkələrə onların qarşılaşdığı problemlərə dair həll yollarının tapılmasında, innovativ biliklərin tətbiqində, maliyyə və texniki dəstək təminatında yardımçı funksiyanı daşıyır.
Təşkilat fəaliyyətini iki əsas missiya üzrə həyata keçirir:
- 2030-cu ilədək, dünya üzrə həddindən artıq yoxsul əhalini 3 faizə endirməklə ifrat yoxsulluğa son verilməsi;
- Hər bir ölkənin əhalisinin ən yoxsul 40 faizinin gəlirlərini artırmaqla ümumi rifahın təmin edilməsi.
Dünya Bankı Qrupu Azərbaycanla sıx əlaqələrə sahibdir. Belə ki, Azərbaycan Qrupun bütün agentliklərinin −1992-ci il 18 sentyabrdan etibarən Beynəlxalq Yenidənqurma və İnkişaf bankının, 1995-ci il 31 mart tarixindən Beynəlxalq İnkişaf Assosiasiyasının, 1995-ci il 11 oktyabr tarixindən Beynəlxalq Maliyyə Korporasiyasının, 1992-ci il 23 sentyabr tarixindən İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin və 1992-ci il 18 oktyabr tarixindən İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzin üzvüdür. 1996-cı ildə isə Bankın Azərbaycanda yerli nümayəndəliyi açılmışdır.
Ötən illər ərzində Dünya Bankı tərəfindən Azərbaycanda 50-dən artıq layihəninin maliyyələşdirilməsi həyata keçirilmişdir. Bu layihələr təhsil, səhiyyə, pensiya və sosial müdafiə, su və kanalizasiya, enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, suvarma, ətraf mühit, ədliyyə, maliyyə və özəl sektorun inkişafı, dövlət sektorunun müasirləşdirilməsi kimi sahələri əhatə etmiş, həmçinin Dünya Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsinə, 2016-2030-cu illəri əhatə edən Azərbaycanın Çoxsektorlu Məşğulluq Strategiyasının hazırlanmasına və bu kimi digər layihələrə dəstək verilmişdir.
Dünya Bankı ilə əməkdaşlığın davam etdiyi ötən müddət ərzində Azərbaycan Dünya Bankından güzəştli maliyyələşdirmə alan ölkədən Dünya Bankının ən yoxsul ölkələrə yardım göstərən qolu - Beynəlxalq İnkişaf Assosiasiyasının donoruna çevrilmişdir. Dünya Bankı daha firavan və hər kəsin öz həyatını yaxşılaşdırmaq imkanına malik olacağı gələcək qurmaq üçün Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığı davam etdirmək əzmindədir.