İyunun 3-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.
İclasda “Texnologiya və innovasiyalar” işçi qrupun 2026-cı il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək Fəaliyyət Planının tam və vaxtında icra edilməsi, eyni zamanda “Qlobal İnnovasiya İndeksi”nin növbəti nəşrlərində ölkənin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə işçi qrupun üzvləri ilə aylıq əsasda tematik görüşlərin keçirilməsinin və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya daxilində yaradılmış digər aidiyyəti işçi qrupları ilə müzakirələrin aparılmasının vacibliyini qeyd etdi.
Komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə “Qlobal İnnovasiya İndeksi”nin növbəti buraxılışının qiymətləndirilməsi üçün Dünya Əqli Mülkiyyət Agentliyi tərəfindən məlumatların toplanılma prosesinin yekun mərhələsində olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı.
O, “Qlobal İnnovasiya İndeksi”nə daxil olan indikatorların əhəmiyyətli hissəsinin icrasının təmin edilməsinə “Texnologiya və innovasiyalar” işçi qrupunun cavabdeh olduğunu və işçi qrupun fəaliyyətinin bu istiqamətdə rolunun aparıcı olduğunu qeyd etdi.
İclasda səsləndirilmiş fikirlər əsasında İşçi qrup tərəfindən müvafiq təkliflər və qərarlar qəbul olunub.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).