"Sərhəddə ticarətin sadələşdirilməsi üzrə aparılan iqtisadi islahatlar" mövzusunda təqdimatlar keçirilib

2019-cu ilin yanvar və fevral aylarında "Sərhəddə ticarət" işçi qrupu tərəfindən “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Dekabr 2018-ci il tarixli Fərmanının icrası çərçivəsində sahibkarlar üçün yeni yaradılan imkanlar, “Yaşıl dəhliz” buraxılış sistemi, qısa idxal bəyannaməsinin təqdim edilməsi prosesi barəsində tədbirlər keçirilib. Tədbirlər zamanı, Dövlət Gömrük Komitəsinin əməkdaşları “Sərhəddə ticarətin sadələşdirilməsi üzrə aparılmış iqtisadi islahatlar” və “Yaşıl dəhliz” buraxılış sistemi üzrə rəsmiləşdirmə” adlı təqdimatlarla çıxış edərək, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydasına dair təqdimatlar keçirib və maarifləndirici broşür və disklər tədbir iştirakçılarına təqdim edilib.

Həyata keçirilən tədbirlərə misal olaraq Dövlət Gömrük Komitəsində xarici ticarət əməliyyatlarında iştirak edən şəxslərə gömrük sistemində aparılan islahatlarla əlaqədar potensialın gücləndirilməsi və peşə biliklərinin artırılması məqsədilə seminar, bundan başqa Dövlət Gömrük Komitəsinin rəhbərliyi, Baş İdarə rəisləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dünya Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri və sahibkarlar iştirakı ilə  "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası barədə biznes subyektlərini məlumatlandırmaq məqsədilə növbəti təqdimat mərasimini qeyd etmək olar. Eyni zamanda, sahibkarlar və media nümayəndələri iştirakı ilə bir sıra seminarlar keçirilib, qarşılıqlı fikir mübadiləsi formatında xarici ticarət iştirakçılarını maraqlandıran suallar tədbirlər zamanı cavablandırılıb.