Mayın 31-də Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan Kapitalı” işçi qrupunun Qlobal İnnovasiyalar İndeksinin “Ölkənin ilk 3 qlobal şirkətinin tədqiqat və inkişafa investisiyası” indikatoru ilə bağlı tematik iclası keçirilib.
Tədbirdə işçi qrupda təmsil olunan məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İclasda Qlobal İnnovasiyalar İndeksinİin müvafiq indikatoru və onun hesablanması metodologiyası, ölkəmizin mövqeyi, növbəti hesabatda bu mövqe ilə bağlı atılacaq addımlar müzakirə edilib.
İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev açılış nitqi ilə çıxış edərək, Qlobal İnnovasiyalar İndeksində “Ölkənin ilk 3 qlobal şirkətinin tədqiqat və inkişafa investisiyası” indikatoru üzrə ölkə göstəricisinin dəyişməməsinin səbəbinin araşdırıldığını, Azərbaycana aid şirkətlərin tədqiqatlara və inkişafa yönəldilən investisiyaların təşviqinə ehtiyac olduğunu və bu təyinata yönəldilən xərclərinin uçotunun aparılmasını zəruri olduğunu bildirib.
İclas, Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri E.Hacının və İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini N.Məmmədlinin indikator üzrə aparılmış araşdırılmalar barəsində təqdim etdikləri məlumatlar ilə davam edib.
Yekunda, İşçi qrupun fəaliyyəti ilə bağlı iclas iştirakçıları ilə cari və qarşıda duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.