Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” işçi qrupunun 28 dekabr 2023-cü il tarixində video-konfrans formatında növbəti iclası keçirilmişdir.
İclasda “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunmuşdur. Bununla bağlı olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” public hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov ətraflı çıxış etmiş və iclas iştirakçılarının suallarını cavablandırmışdır.
E.Məmmədov öz çıxışında 2023-cü il 17 noyabr tarixli 2354 nömrəli Fərmanla bağlı da iclas iştirakçılarına məlumat vermişdir. Sözügedən Fərman müxtəlif qurumlar tərəfindən verilən, hüquqların qeydiyyata alınması üçün əsas olan sənədlərin rəqəmsal formata keçirilməsini, vətəndaşların qeydiyyat orqanına gəlmədən daşınmaz əmlakla bağlı müvafiq əməliyyatları həyata keçirməsini nəzərdə tutur. Daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində hazırda tətbiq olunan “bir pəncərə” prinsipi notarial qaydada təsdiq edilmiş sənədlər əsasında təkrar qeydiyyatla bağlı məsələləri tənzimləyirsə, 2354 nömrəli Fərman bu prinsipin əhatə dairəsinin genişləndirilməsi və hüquqların ilkin qeydiyyatı hallarına da şamil olunması deməkdir.
Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə daşınmaz əmlakın alqı-satqısının notariat qaydasında təsdiq edilməsi zamanı “vahid ödəniş tapşırığı” və onun tətbiqindən bəhs etmişdir. “Vahid ödəniş tapşırığı” daşınmaz əmlakın notarial qaydada satışı və onun üzərində hüquqların qeydiyyatı üçün tələb olunan bütün ödənişlərin (yüklülük haqqında məlumatın əldə olunması, müqavilənin notarius tərəfindən təsdiqlənməsi, çıxarışın verilməsi, vergi tutulması, icbari sığortanın tutulması və s.) notarius tərəfindən verilən müvafiq ödəniş tapşırığı əsasında mərkəzləşdirilmiş qaydada ödənilməsini nəzərdə tutur.
İclasda həmçinin “Əmlakın qeydiyyatı və icarəsi” indikatoru üzrə 2024-cü ilə dair Yol Xəritəsinin hazırlanması üzrə müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsinə uyğun olaraq qərara alınmışdır ki, işçi qrupunun üzvləri tərəfindən Yol Xəritəsinin layihəsi ilə bağlı təkliflər təqdim olunsun.
İclasda “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” işçi qrupunun üzvləri, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri iştirak etmişdir.