"Biznes İslahatları: Dövlət-Özəl Dialoqu" mövzusunda seminar keçirildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbəriliyi ilə 2018-ci ilin dekabr ayı ərzində həyata keçirilən kompleks biznes islahatları istiqamətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə görülən işlər, sahibkarlar üçün yeni yaradılan imkanlar barəsində 8 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə "Biznes İslahatları: Dövlət-Özəl" mövzusunda seminar keçirildi. Seminarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər edilib. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun təkmilləşdirilməsi, dövlət dəstəyi, makroiqtisadi və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafına xidmət edir: “Hazırda aparılan vergi və gömrük sahəsindəki islahatlar, şəffaflıq, hesabatlılıq, rəqəmsallaşma, nağdsız dövriyyənin genişlənməsi və “Doing Business” islahatları sahibkarların xərclərini və prosedurları azaldır, onları daha rəqabətə davamlı edir. Struktur islahatları isə iqtisadiyyatın məhz özəl sektorun liderliyilə inkişafına hesablanıb. Bank sektorundakı yüksək likvidliyin (7,1 mlrd. manat və ya aktivlərin 25%-i) real sektorun inkişafına yönəldilməsi üçün özəl sektor daha da fəal olmalıdır.”

 "Biznes İslahatları: Dövlət-Özəl" mövzusunda seminar panellər üzrə aparılıb. Seminar zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, “Azərişıq” ASC və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri iştirakçılar üçün təqdimatlar ediblər. Onlayn Vahid İxrac Ərizəsi, sərhəddə ticarət, məhkəmə sistemi, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, biznesə başlama, dövlət satınalmaları sahələrində aparılmış iqtisadi islahatlar vizual infoqrafiklər vasitəsi ilə sahibkarlara bir daha izah olunub.