10 sentyabr 2024-cü il tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir.
“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin məsul şəxsləri iştirak etmişlər. İclasda işçi qrupunun 2024-cü il üzrə fəaliyyət planının 1-ci yarımilliyi üzrə görülmüş işlər müzakirə edilmiş, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, dövlət tənzimlənməsi yükü, borc dinamikası, monetar azadlıq, qlobal İnnovasiyalar İndeksi habelə təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin icra edilməsi, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və təbii resursların effektiv idarə edilməsi barədə tədbirlərin icra edilməsi çərçivəsində növbəti yarımillik ərzində işlərin dahada effektiv idarəedilməsi qərarı alınmışdır.
İclasda həyata keçirilən tədbirlərin effektivliyi qiymətləndirilmiş, qarşıdakı dövrdə atılacaq addımlar müəyyən olunmuşdur. İşçi qrupunun üzvləri ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün fəal müzakirələr aparmış və gələcək planlar üzrə razılaşmalar əldə etmişdirlər.


