8 oktyabr 2019-cu il tarixində İqtisadiyyat Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun dövlət orqanları, ictimai birlik və biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilmişdir. İclasa İşçi qrupun rəhbəri-İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov hesabat dövrü ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı nitqi ilə başlamışdır.
Eyni zamanda, İşçi qrupun rəhbəri qrupa yeni üzv olmuş qeyri-hökumət təşkilatlarının nümayəndələrini təqdim etmiş, onların fəaliyyətinin “Xarici ticarət və ticarət tarifləri” üzrə İşçi qrupunun işinin effektivliyinin daha da yaxşılaşdırılmasında və ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasında mühüm töhfə olacağını bildirmişdir. Həmin nümayəndələr tərəfindən isə təmsil etdikləri qurumların əsas fəaliyyət istiqamətləri və işçi qrupa verə biləcəkləri faydalar haqqında məlumat verilmişdir.
Bundan əlavə, www.azranking.az portalında yaradılmış yeni “Rəqəmsal Təqvim” elektron sistemi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahədə əlçatanlıq və şəffaflığın artırılması, eləcə də ictimaiyyət və biznes nümayəndələri qarşısında hesabatlılığın yaxşılaşdırılması istiqamətində mühüm addım olduğu diqqətə çatdırılmışdır.
Bununla yanaşı, ötən dövr ərzində İşçi qrupun 2019-cu il üzrə təsdiq olunmuş Fəaliyyət Planı üzrə görülmüş işlər haqqında məsul icraçı qurumların nümayəndələri tərəfindən ətraflı məlumat verilmiş və bu çərçivədə müzakirələr aparılmışdır.
İclasda İşçi qrupun fəaliyyət istiqamətləri üzrə 2020-ci il üçün yeni Fəaliyyət Planının hazırlanması məqsədilə üzvlərə aidiyyəti indikatorların ətraflı nəzərdən keçirilməsi və yeni Fəaliyyət Planına daxil edilməsi məqsədilə konkret təkliflərin verilməsinin vacibliyi vurğulanmışdır. Eyni zamanda, İşçi qrupun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.