“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun 24 may 2022-ci il tarixində video-konfrans formatında növbəti iclası keçirilmişdir.
İclası işçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov giriş sözü ilə açaraq üzvləri salamlamış, işçi qrupun 2022-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planınında nəzərdə tutulan tədbirlər haqqında məlumat vermiş və həmin tədbirlərin xarici ticarət sahəsində əlverişli biznes mühitinin yaradılmasına, həmçinin qlobal iqtisadi reytinqlərdə ölkəmizin mövqeyinin yüksəldilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirmişdir.
İclasda həmçinin Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev çıxış edərək Fəaliyyət Planları üzrə hesabatlılıq sistemindəki yeni dəyişikliklər barədə məlumat vermiş, hər bir işçi qrup üzrə görülmüş işlərə dair rüblük hesabatların müzakirəsinin təşkilinin, habelə monitorinq və qiymətlədirilməsinin aparılmasının vacibliyini qeyd etmişdir.
Daha sonra iclas gündəliyə uyğun olaraq, 2022-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası ilə bağlı görüləcək işlər haqqında İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən təqdimatlar edilmiş, bu çərçivədə müzakirələr aparılmış, həmçinin Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinin mühümlüyü diqqətə çatdırılmışdır.
İclasda işçi qrupa üzv olan dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər aidiyyəti qurum və şirkətlərin məsul şəxsləri iştirak etmişdir.