“Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilmişdir.

19 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilmişdir.

Onlayn “ZOOM” platforması vasitəsi ilə baş tutan toplantıda İşçi Qrupun fəaliyyətinin əsas prioritetinin “Bir pəncərə” e-sisteminin inkişaf etdirilməsi, tikintiyə icazə icraatının asanlaşdırılması istiqamətində olduğu bildirildi. İclasda cari ilin 10 ayı ərzində tikinti icraatında iştirak edən qurumlar tərəfindən tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra müddəti və cari vəziyyətin səbəblərinə dair statistik məlumatları və təhlilləri əks etdirən təqdimat nümayiş etidirildi.

Tikinti üçün icazələrin alınmasında vahid yanaşma prinsipini əks etdirən elektron müraciət sisteminin tətbiqinin genişləndirilməsi məqsədi ilə sistemin imkanları haqqında məlumatı əks etdirən video çarxların hazırlanmasının əhəmiyyəti vurğulandı.

Eyni zamanda, “Bir pəncərə” e-sisteminin ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair vəziyyət haqqında məlumat, müraciәt vaxtı ilә bağlı aparılmış testin nәticәsi iclas iştirakçılarının diqqətinə çatdırıldı və ümumilikdə e-sistemin təkmilləşdirilməsi yönündə aparılan işlər və gələcək hədəflər haqqında fikir mübadiləsi aparıldı.

Əlavə olaraq, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinin tələblərinin təmin edilmə vəziyyətinin araşdırılması barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədrinin tapşırığının icrasına dair görülmüş işlər və növbəti ilin Fəaliyyət Planında bu məsələ ilə bağlı yer almış təkliflər barədə məlumat verildi.

Sonda işçi qrup üzvlərinin təklifləri əsasında tərtib edilmiş 2022-ci il üzrə Fәaliyyәt Planının ilkin layihәsinin müzakirəsi aparılaraq dekabr ayınadək yekunlaşdırılması və “Bir pәncәrә” e-sisteminin texniki imkanlarının təkmilləşdirilməsi istiqamətində cari ay ərzində keçiriləcək tematik görüşün mövzusu barədə qərarlar qəbul edildi.