Texnologiya və innovasiyalar üzrə İşçi qrupun 2022-ci il 10 avqust tarixində növbəti görüşü baş tutmuşdur

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun 2022-ci il 10 avqust tarixində növbəti görüşü baş tutmuşdur.

Görüşdə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mərkəzi Bankın, Azərbaycan Milli Elmlər Akademiyası və özəl sektor nümayəndələri iştirak etmişdir.

Görüş çərçivəsində “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının müvafiq bəndləri üzrə görülmüş işlər barədə icraçı qurumlar tərəfindən məlumat verilmişdir.

Eyni zamanda Qlobal İnnovasiyalar İndeksi üzrə mövcud olmayan və aşağı nəticə əldə olunan indikatorlar üzrə Azərbaycana məxsus statistik məlumatların beynəlxalq təşkilatlara ötürülməsi istiqamətində əlaqələrin qurulduğu və həmin məlumatların beynəlxalq təşkilatların saytlarında dərc olunduğu bildirildi.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Kiçik və orta sahibkarlıq subyektlərinin İKT-yə olan tələbatının öyrənilməsi” və “Özəl sektorun elm sahəsinə investisiya yatırması üzrə mövcud vəziyyətin öyrənilməsi” istiqaməti üzrə aparılan sorğuların nəticələri açıqlandı.

Görüşün yekununda Texnologiya və innovasiyalar üzrə İşçi qrupunda təmsil olunan qurumların fəaliyyətinin əlaqələndirilməsinə və beynəlxalq təşkilatlara  mötəbər məlumatların ötürülməsinin davamlı şəkildə həyata keçirilməsinə dair Qərar qəbul edildi.