"Elmi nəşrlərlə bağlı reytinq göstəricilərinin yaxşılaşdırılması: Türkiyə təcrübəsi və Azərbaycan” mövzusunda təqdimatı baş tutmuşdur.

2022-ci il 18 noyabr tarixində “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadənin “Elmi nəşrlərlə bağlı reytinq göstəricilərinin yaxşılaşdırılması: Türkiyə təcrübəsi və Azərbaycan” mövzusunda təqdimatı baş tutmuşdur.

Təqdimatda 30-dan çox elm və ali təhsil müəssisəsinin 100-dən çox nümayəndəsi iştirak etmişdir.

Görüşün keçirilməsində məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”nin müvafiq bəndlərinin icrası istiqamətində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi və ali təhsil müəssisələrində differensial əmək haqqı sisteminin qurulması ilə bağlı təkliflərin müzakirəsi idi. Təqdimatın yekununda təkliflər dinlənilmiş, elm və ali təhsil müəssisələrinin maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

Görüşün yekununda, müvafiq xarici ölkələrlə təcrübə mübadiləsinin aparılmasına, eləcə də elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması istiqamətində verilən təkliflərin  2023-cü il üzrə Yol Xəritəsinin hazırlanması zamanı nəzərə alınmasına və  qarşılıqlı kommunikasiyanı təmin etmək məqsədilə mütəmadi görüşlərin keçirilməsinə dair qərar qəbul edilmişdir.