2021-ci il 30 sentyabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilmişdir.
Pandemiya ilə əlaqədar olaraq onlayn “Google-meet” platforması üzərindən həyata keçirilən iclasda işçi qrupun üzvləri, habelə Ədliyyə Nazirliyinin və Mərkəzi Bankın əməkdaşları iştirak etmişlər.
İşçi qrupunun rəhbəri Ceyhun Salmanov iclası açıq elan edərək gündəlikdə dayanan məsələlər barədə İşçi qrupunun üzvlərinə məlumat vermiş və 2021-ci il üzrə Qlobal İnnovasiyalar İndeksi üzrə Azərbaycanın tutduğu mövqe və göstəriciləri ötən illə müqayisədə dəyişən sub-indekslər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev iclas gündəliyindəki mövzuların vacibliyini vurğulayaraq biznes mühitinin yaxşılaşdırılması istiqamətində işçi qrupların qarşılıqlı fəaliyyətinin təşkili istiqamətində təkliflə çıxış etmiş və gündəliyə çıxarılan digər məsələlərə dair münasibət bildirmişdir.
İclasın gündəliyinə uyğun olaraq, işçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planı çərçivəsində cari ilin ilk 6 ayı ərzində görülmüş işlər barədə aidiyyatı qurumlar tərəfindən məlumat verilmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu və onun tətbiqi barədə fərman layihəsi, İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin innovasiya ekosisteminin inkişaf etdirilməsi istiqamətində hazırlanmış normativ hüquqi akt layihələri müzakirə edilmiş və “Qlobal İnnovasiyalar İndeksi” üzrə 2021-ci il hesabatına əsasən ölkənin mövqeyinə təsir edən sub-indekslərin yaxşılaşdırılmasına dair fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda Qlobal İnnovasiyalar İndeksinin metodologiyası, sub-indekslər üzrə göstəricilərin formalaşması mexanizmi və Azərbaycan üzrə göstəricilərdə giriş (input) və çıxış (output) indekslərinin yaxşılaşdırılması istiqamətində təqdimat edilmişdir.
Qarşılıqlı müzakirə formatında aparılan iclas nəticəsində səsləndirilən təkliflərə dair normativ hüquqi akt layihələrinin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınmışdır.