"Texnologiya və innovasiyalar" işçi qrupunun növbəti görüşü baş tutmuşdur.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” işçi qrupunun 2022-ci il 19 may tarixində növbəti görüşü baş tutmuşdur.

Görüşdə işçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, eyni zamanda İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Milli Elmlər Akademiyası nümayəndələri və eyni zamanda ekspertlər iştirak etmişdir.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini tərəfindən 2022-ci il 28 aprel tarixində təsdiq olunmuş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun Fəaliyyət Planı” üzrə icrası nəzərdə tutulan tədbirlərin müzakirəsi həyata keçirilmişdir.

Görüş çərçivəsində Qlobal İnnovasiyalar İndeksinin 5.3.2-ci (yüksək texnologiya məhsullarının idxalı), 6.3.2-ci (yüksək texnologiya məhsullarının ixracı), 5.3.1-ci (Əqli mülkiyyətdən istifadəyə görə ödənişlər, ümumi ticarətin %-i) və 6.3.1-ci (Əqli mülkiyyətdən daxilolmalar,ümumi ticarətin %-i) subindeksləri ilə bağlı məlumatların müvafiq beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görüləcək işlər də müzakirə olunmuşdur. Müzakirələr nəticəsində beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və mövcud məlumatların tam şəkildə ötürülməsinə dair qərar qəbul olunmuşdur.

Bununla yanaşı, iclasın sonunda yerli şirkət tərəfindən hazırlanan vahid onlayn görüş platformasının test olunması və növbəti görüşün həmin platforma üzərindən təşkil olunmasına dair Qərar verilmişdir.