“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib.

7 iyul 2025-ci il tarixində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun görüşü keçirilmişdir.

Onlayn formada təşkil olunan görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun bu il ərzindəki qarşıya qoyduğu prioritet hədəflər barədə məlumat verərək altqrupun 2025-ci il üçün Yol Xəritəsində öz əksini tapan tədbirlərin uğurlu icrasının ölkəmizin beynəlxalq reytinqlərdə irəliləməsinə töhvə verəcəyini nəzərə çatdırmışdır.

Görüşün gündəliyinə uyğun olaraq Yol Xəritəsinin müvafiq bəndlərinin icrası istiqamətində ilk altı ay ərzində görülmüş işlərə dair məlumatlar verilmiş, xüsusilə “Elektron Bir Pəncərə” sisteminin ölkəmizdə tətbiq edilməsinin Dünya Bankı Qrupundan  daxil olan növbəti sorğular zamanı ümumi qiymətləndirmə prosesində və sorğu vərəqəsində əks olunan sualların cavablandırılmasında kifayət qədər irəliləyişə səbəb olacağı istiqamətində fikir mübadiləsi həyata keçirilmişdir.

Bildirilmişdir ki, dövlət qurumları ilə özəl sektorun birgə fəaliyyəti ölkənin investisiya cəlbediciliyinin artırılmasına, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə, həmçinin bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə böyük töhfə verməkdədir və altqrupun fəaliyyət istiqamətləri çərçivəsində xüsusi əhəmiyyətə malikdir.

Sonda, altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Məlumat üçün bildiririk ki, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.