Cari ilin 24 dekabr tarixində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Gömrük Komitəsinin rəhbərlik etdiyi “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat xarakterli görüşü keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin inzibati binasında təşkil olunan görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri barədə məlumat verərək altqrupun 2024-cü il üçün Yol Xəritəsində öz əksini tapan tədbirlərin uğurlu icrasının ölkəmizin beynəlxalq reytinqlərdə irəliləməsinə töhvə verdiyini nəzərə çatdırmışdır. Bildirilmişdir ki, görüşdə cari il ərzində icra olunan tədbirlər müzakirə olunmaqla yanaşı, 2025-ci il üzrə qarşıda duran əsas prioritetlərlə bağlı fikir mübadiləsi aparılması nəzərdə tutulur. Altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov qeyd etmişdir ki, 2024-cü il üzrə Yol Xəritəsində qeyd olunan tədbirlərin böyük əksəriyyəti uğurla icra olunmuş və xarici ticarət fəaliyyəti ilə əlaqədar bir neçə mühüm məsələnin icrası istiqamətində nəzərəçarpan irəliləyişlər əldə edilmişdir.
Görüşün gündəliyinə uyğun olaraq Yol Xəritəsinin müvafiq bəndlərinin icrası istiqamətində görülmüş işlərə dair məlumatlar verilmiş, altqrupun 24 sentyabr 2024-cü il tarixində keçirilmiş görüşü zamanı qərar alınmış məsələlərlə bağlı fikir mübadiləsi aparılmış və növbəti il üçün Yol Xəritəsinin formalaşdırılması istiqamətində müzakirələr həyata keçirilmişdir.
Bildirilmişdir ki, dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli münbit şəraitin yaradılması və keçirilən görüşlər zamanı xarici ticarət iştirakçıları tərəfindən qaldırılan sualların operativ qaydada cavablandırılması dövlət orqanları ilə biznes subyektləri arasında əməkdaşlığın bariz nümunəsidir.
Daha sonra, Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqi ilə əlaqədar 2024-cü ilin 11 (on bir) ayının nəticələri barədə təqdimat nümayiş etdirilmişdir.
Sonda, altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Məlumat üçün qeyd edək ki, Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir (https://azranking.az/working-groups