“Qlobal İnnovasiya İndeksi"nin insan kapitalı ilə bağlı göstəricilərin yaxşılaşdırılması üzrə müzakirələr aparılıb

Noyabrın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib.

Elm və Təhsil Nazirliyində keçirilən iclasda işçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək, işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğurlar və gələcək gözləntilər barədə çıxış etdilər.

Daha sonra Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsinin sektor müdiri Şababa Əliyev Qlobal İnnovasiya İndeksinin  “2.1.1.Təhsil xərcləri” indikatorunun icra vəziyyətinə dair təqdimat etdi.

İclas, işçi qrupun digər üzvləri Dövlət Statistika Komitəsi Sosial statistika şöbəsinin müdiri Elçin Hacı,  Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman və İqtisadiyyat Nazirliyinin sektor müdiri Natiq Məmmədlinin Qlobal İnnovasiya İndeksinin  aidiyyəti alt-indeksləri üzrə təqdimatları ilə davam edib.

İclasda İşçi qrupun Fəaliyyət Planına daxil olan hər bir indikatorlar ilə bağlı görülmüş  işlər, “Qlobal İnnovasiya İndeksi-2024” hesabatı üzrə Azərbaycanın göstəricilərinin əvvəlki illərlə müqayisəli təhlil edilmiş və bu göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə hazırlanmış müvafiq təhlil materialı və s. məsələlər müzakirə olundu.

Yekunda, İşçi qrupun fəaliyyəti ilə bağlı iclas iştirakçıları ilə cari və qarşıda duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir (https://azranking.az/ ).