Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun ilk iclası keçirilib

18 iyul 2023-cü il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi “Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupu”nun videokonfrans formatında ilk iclası keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri iştirak etmişdir.

Görüşdə Azərbaycan Resublikasının iqtisadiyyat nazirinin müavini, Əlaqələndirmə qrupunun rəhbəri Səməd Bəşirli sözügedən qrupunun yaradılmasının əhəmiyyəti və qrupun fəaliyyət istiqamətləri barədə iştirakçıları məlumatlandırmış və müvafiq sahədə göruləcək işlərə dair müzakirələr aparılmışdır.

Həmçinin o Qlobal İnnovasiya İndeksi 2023 Hesabatı haqqında məlumat verərək ölkəmizin mövqeyinin 2022-ci illə müqayisədə 4 pillə yaxşılaşaraq 89-cu pillədə qərarlaşdığını bildirib. Bununla yanaşı ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində həlli vacib olan məsələlər barədə iştirakçıları məlumatlandırmış və və iclas iştirakçılarının suallarını cavablandırmışdır.

Eyni zamanda məlumatlandırma və kommunikasiya işlərinin əlaqələndirilməsi üzrə müzakirə mexanizmlərinin formalaşdırılmasının və “Qlobal İnnovasiya İndeksi üzrə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Matrisa” üzrə görülmüş işlərlə bağlı hesabatlılığın təmin edilməsi və İndeksin yeni nəşri üzrə proqnozların verilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin, həmçinin Əlaqələndirmə qrupunun Yol Xəritəsinin hazırlanmasının vacibliyi qeyd edilmişdir.