18 may tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “start-up"lar, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülmüş işlər, mövcud olan yeniliklər mövzusunda onlayn formatda görüş keçirilib.
Görüşdə təqdimatla çıxış edən DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar, əldə olunmuş nəticələr və gələcək planlar barədə ətraflı məlumat verib. O, “Dünya Bankı Qrupunun “Business Ready (B-Ready)” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə danışıb.
Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə respublikanın müxtəlif bölgələrindən, o cümlədən Naxçıvandan 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin nümayəndələri iştirak ediblər. Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.