"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 29.06.2020-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda banklar tərəfindən real sektora kredit qoyuluşunun artırılması ilə bağlı tənzimləyici çərçivənin təkmilləşdirilməsi və mikromaliyyə institutları tərəfindən özəl sektora kredit qoyuluşlarının artırılmasını stimullaşdırmaq üçün aidiyyəti normativ aktlara yenidən baxılmasına dair mövzular müzakirə olunmuşdur.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.

İclasa Mərkəzi Bankın, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, Ədliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin, “Ekvita” şirkətinin, “KPMG Azerbaijan Ltd” şirkətinin nümayəndələri qatılmışdır.