“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun 2025-ci ildə fəaliyyətinin nəticələrinin və 2026-cı il üçün Yol Xəritəsinin hazırlanmasının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Onlayn formatda Komissiyanın Katibliyinin rəhbərinin iştirakı ilə keçirilən iclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, “Azərişıq” ASC-nin və digər aidiyyəti qurumların rəhbər şəxsləri, həmçinin Altqrup üzvləri və dəvət olunmuş nümayəndələr iştirak ediblər.

İclasda 2025-ci il üzrə Vahid Kommunal Xidmətlər Alt Sisteminin yaradılması istiqamətində görülmüş işlər və pilot nəticələr təqdim edilib. Məlumatlandırılıb ki, Elektron Hökumət İnformasiya Sisteminin tərkib hissəsi kimi formalaşdırılan mərkəzləşdirilmiş platforma kommunal məlumatların vahid inteqrasiyası, ödəniş və borc idarəetməsi, analitika və hesabatlıq modullarının tətbiqi, həmçinin myGov üzərindən xidmətlərin genişləndirilməsi kimi funksionallıqları təmin edəcək. Pilot faza çərçivəsində Sumqayıt şəhərində 3200 abonent üzrə məlumatların 99.2% dəqiqliklə eyniləşdirildiyi vurğulanıb.

Tədbirdə bildirilib ki, Vahid Kommunal Xidmətlər Alt Sisteminin ölkənin beynəlxalq reytinqləri, xüsusilə Dünya Bankının Business Ready hesabatı üzrə mövqeyinə mühüm təsir potensialı mövcuddur.

İclasın sonunda 2026-cı ilin Fəaliyyət Planı üzrə təkliflərin hazırlanması və inteqrasiya olunmuş Yol Xəritəsinin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olundu. İştirakçılar 2026-cı il üçün Yol Xəritəsinin hazırlanması prosesində “kommunal xidmətlər” üzrə qiymətləndirmə kriteriyalarının tam nəzərə alınmasının əhəmiyyətini qeyd ediblər.  Qurumların fəaliyyət planlarının qarşılıqlı uyğunlaşdırılması, Yol Xəritəsində prioritetlərin dəqiq şəkildə əks etdirilməsi və icra prosesinin koordinasiyalı təşkilinə dair ortaq mövqeyin formalaşdırılması iclas iştirakçılarının yekdil razılığı ilə qeyd olundu.

Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə altqrupun üzvü, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova iclasda qeyd olunanlara dair şərhində qeyd edib ki, Vahid Kommunal Xidmətlər Alt Sisteminin tətbiqi yalnız xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi ilə məhdudlaşmır, həm də Azərbaycanın beynəlxalq qiymətləndirmələr üzrə mövqeyinə real təsir mexanizmi yaradır.

O bildirir ki, Dünya Bankının Business Ready hesabatında “kommunal xidmətlər” üzrə ölçülən indikatorların böyük hissəsi xidmətlərin qoşulma prosedurları, məlumat mübadiləsinin standartlaşdırılması, qoşulma və xidmət fasilələrinin idarə edilməsi, rəqəmsal xidmətlərin mövcudluğu və şikayətlərin elektron emalı məhz bu sistemlə üst-üstə düşür.

Bununla yanaşı, sistemin tətbiqi BMT-nin Elektron Hökumət İnkişaf İndeksi (EGDI) üzrə nəticələrə, xüsusilə Online Service Index istiqamətində dövlət xidmətlərinin onlayn əlçatanlığı, müraciət və şikayətlərin rəqəmsal idarə olunması, ödənişlərin elektronlaşdırılması və qurumlararası interoperabilik kimi parametrələr baxımından birbaşa təsir göstərmək potensialına malikdir.

Eyni zamanda, Qlobal İnovasiya İndeksi (GII) çərçivəsində təsirlərin dolayı, lakin strateji xarakterli olması gözlənilir. Vahid məlumat mübadiləsi və şəffaf uçot institusional idarəetmə komponentini gücləndirir, xidmət standartlarının vahidləşdirilməsi və elektron monitorinq tənzimləyici mühitin keyfiyyətini artırır, rəqəmsal ödəniş ekosisteminin genişlənməsi və xidmətlərin onlayn istifadəsinin artması isə rəqəmsal xidmətlərdən istifadə və bazar mükəmməlliyi indikatorları üzrə irəliləyiş üçün əlverişli zəmin yaradır. Başqa sözlə, kommunal xidmətlərin rəqəmsallaşdırılması yalnız xidmət proseslərinin təkmilləşdirilməsi ilə məhdudlaşmır, həm də ölkənin beynəlxalq indekslərdə qiymətləndirilən idarəetmə səviyyəsi, rəqəmsal transformasiya və innovasiya potensialının yüksəlişinə sistemli təsir göstərir.

O vurğulayıb ki, 2026-cı il üçün Yol Xəritəsinin prioritetlərinin müəyyənləşdirilməsi zamanı bu reytinqlərlə struktur uyğunluğun qorunması vacibdir və bunun təmin edilməsi həm dövlət idarəetməsinin keyfiyyətinin artırılmasına, həm də Azərbaycanın beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verəcək.