İnternet sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci ilin I rübü üzrə görülən işlər müzakirə olunub

İyunun 30-da Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il Yol Xəritəsi üzrə I rüb ərzində görülmüş işlərin müzakirəsi aparılıb və qarşıda duran vəzifələr müəyyən edilib.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov açılış çıxışı edərək biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd etdi.

Eyni zamanda bildirdi ki, Dünya Bankı tərəfindən Nazirliyə ünvanlanan sorğu anketinə cavab olaraq hesabat xarakterli müvafiq məlumatlar yanvar ayının əvvəlində aidiyyəti üzrə təqdim edilmişdir və həmin göstəricilərə əsasən “Business ready” hesabatının 2025-ci il oktyabr ayında dərc ediləcək növbəti nəşrində artıq Ölkəmiz üzrə qiymətləndirmə ilə tanış olmaq imkanı olacaqdır.

Məlumat üçün bildirək ki, Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.