"İnsan kapitalı" üzrə işçi qrupunun iclası keçirilmişdir

İnsan kapitalı İşçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planının lI (ikinci) rüb üzrə icrası barədə müzakirə aparılıb

Təhsil Nazirliyinin inzibati binasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Təhsil Nazirliyinin İnsan kapitalı İşçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planının lI (ikinci) rüb üzrə icrası barədə Hesabata yenidən baxılıb. Bundan əlavə İnsan Kapitalı işçi qrupun fəaliyyəti ilə bağlı cari məsələlər və qarşıda duran işlər müzakirə olunub.

İnsan kapitalı İşçi qrupunun rəhbəri İdris İsayev açılış nitqi zamanı bildirib ki, hesabata əsasən təhsilin bütün pillələri üzrə irəliləyiş müşahidə olunur. 5 yaşlı uşaqların məktəbəqədər təhsil ilə əhatəliliyinin 2018-ci ildə 75%, hazırda 80% olduğunu, növbəti illərdə isə 90%-ə çatdırılmasının planlaşdırıldığı xüsusilə qeyd olunub.

İdris müəllim iclas zamanı ali təhsilin əsas iki istiqaməti barədə, doktorantura təhsili və ikili diplom məsələləri bağlı üzvlərə geniş məlumat təqdim edib. Qeyd edib ki, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerlərin sayının 66 % artaraq 12300-dən 20500-ə çatdırılıb. Hazırda tələbə sayının əhalinin sayına olan nisbətinin aşağı olduğunu qeyd edən qrup rəhbəri bu problemin həllinə səy göstərildiyini bildirib. Dövlət Neft Fondunun maliyyələşdirilməsi ilə hər il 100 nəfər doktorantın xaricdə təhsil almağa göndərilməsi planından bəhs edən işçi qrupunun rəhbəri həmçinin ikili diplom məsələsinin yaxın zamanlarda yekunlaşacığını bildirərək, artıq Türkiyənin Ege, ABŞ-ın Georgetown universitetləri ilə danışıqlara başlanıldığını qeyd edib.

İşəgötürənlərin müəssisələrin strategiyasına uyğun olaraq işçilərini vaxtaşırı ixtisasartırma təlimlərinə göndərmələrinin əhəmiyyəti qeyd edilib. Bununla bağlı tələblərin və stimullaşdırıcı tədbirlərin qanunvericiliklə müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadr və kadr hazırlığı şöbəsinin müdiri Nərmin Bayramovadan təkliflər hazırlaması xahiş edilib.