Hüquqi şəxslərin dövlət qeydiyyatında məlumat bazalarının əlaqələndirilməsi müzakirə edilib

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görüş keçirilib. Tədbirin əsas mövzusu Yol Xəritəsinin 2.2.1-ci bəndində nəzərdə tutulmuş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində iştirak edən qurumların məlumat bazalarının əlaqələndirilməsi olub.

Toplantıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Elm və Təhsil Nazirliyi, Mərkəzi Bank və KOBİA-nın nümayəndələri iştirak ediblər. Yol Xəritəsinə əsasən, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin, Elm və Təhsil Nazirliyinin rəylərinin, Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkan yaradılması nəzərdə tutulur. Tərəflər elekton məlumat bazalarının mövcud vəziyyəti, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslərin hərəkət xəritəsi və s. məsələlərin ilkin müzakirəsini aparıblar.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, məlumat bazalarının əlaqələndirilməsinin Yol Xəritəsində müəyyən edilmiş müddətlər çərçivəsində həlli üçün bir sıra məsələlər üzrə çevik addımların atılması məqsədilə mütəxəssislərin daha geniş formatda cəlb olunması və ikitərəfli məsləhətləşmələrin aparılması razılaşdırılıb.