Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə mətbuat konfransı keçirildi

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının iştirakı ilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) silsilə mətbuat konfransları keçirilir. Belə ki, 16 Aprel tarixində  İİTKM Vergilər Nazirliyinin nümayəndələri ilə birgə hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransı keçirilib. İİTKM-in analitiki Nərmin Kazımlı  Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın  işçi qruplarınıın nümayəndələrinin də iştirakı ilə keçiriləcək silsilə mətbuat konfransları zamanı son iqtisadi islahatlar, əldə olunan yeniliklər və təkmilləşdirilmiş sistemlər və son statistik göstəricilər haqqında məlumatların veriləcəyini diqqətə çatdırıb. Tədbirdə "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun nümayəndələri olan konsaltinq şirkətlərinin də iştirak etdiyi mətbuat konfransında Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə KİV nümayəndələrinə məlumat verib. 

Tədbir zamanı məlumat verilib ki, eni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir.

Statistik rəqəmləri diqqətə çatdıran Ə.Məmmədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 8,1%, fiziki şəxslərin sayı isə 28,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı 11,3% artıb. Cari ilin mart ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi 87,8% təşkil edib.

Daha sonra, hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi elektron qaydada tədbir iştirakçılarına təqdim edilib.