Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmtəə bazarının səmərəliliyi və rəqabət” indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran məsələlər müzakirə edilib.
İşçi qrupunun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib.
Komissiyanın Katibliyinin rəhbəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev bildidib ki, son dövrlərdə həyata keçirilən islahatlar, xüsusi ilə dövlət satınalmaları sahəsində qanunvericlikdə edilən dəyişikliklər barədə dövlət qurumları və sahibkarlar arasında geniş maarifləndirici işləri davam etdirilməlidir.
İclasda əmtəə bazarında səmərəliliyin artırılması və rəqabətin təmin edilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib. Dövlət satınalmaları haqqında qanunvericilikdə edilən son dəyişikliklərin beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinə müsbət təsir edəcəyi vurğulanıb.
“AzVirt” MMC-nin əməkdaşı Rauf Yusubov dövlət satınalmaları sahəsində aparılan islahatlarla bağlı təkliflərini səsləndirib.
İclasın sonunda dövlət satınalmaları sahəsində aparılan islahatlar və əldə edilən müsbət nəticələr barədə ictimaiyyətin məlumatlandırılması işlərinin genişləndirilməsi, sahibkarlar üçün treninqlərin keçirilməsi, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında, keyfiyyətli və koordinasiyalı icrasının daha da təkmilləşdirilməsi qərara alınıb.