14.10.2021-ci il tarixdə “2021-ci il üçün Fəaliyyət Planının cari ilin yanvar-sentyabr aylarında icra vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilmişdir.
İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran məsələlər müzakirə edilmiş, işçi qrupunun rəhbəri - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini cənab Anar Kərimov, həmçinin İqtisadiyyat və Təhsil nazirliklərinin əməkdaşları tərəfindən ötən dövr ərzində görülmüş işlər barədə məlumat verilmişdir.
Bununla yanaşı, ƏƏSMN-nin əməkdaşları İradə Usubova, Nicat Rəhmanlı və Nəzrin Nəzərova tərəfindən Dünya Bankının “Women, Business and the Law”, “ITUC Global Rights Index”, “İndex of Economic Freedom - 2021” hesabatları barədə təqdimatlarlar iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda, hesabatların 2021-ci il üzrə göstəricilərinin müqayisəli təhlili, 2022-ci il üçün layihə üzrə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilmişdir.
Daha sonra Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev iclasın gündəliyinə daxil edilmiş məsələlərin vacibliyini vurğulayaraq, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işçi qruplarının qarşılıqlı fəaliyyətinin təşkili barədə təkliflə çıxış etmiş və gündəliyə çıxarılan digər məsələlərə münasibət bildirmişdir. “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili Qaydası”na əsasən özəl sektor nümayəndələrinin Komissiyanın fəaliyyət istiqamətləri üzrə təklif vermək və müvafiq məsələlərə münasibət bildirmək imkanlarının artırılması üçün tədbirlər görülməsinin vacibliyi qeyd olunmuşdur.