“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti iclası keçirilib.

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun 2022-ci il 10 mart tarixində üçüncü görüşü baş tutmuşdur.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eyni zamanda İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Milli Elmlər Akademiyası, ADA Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Ali Attestasiya Komissiyası və eyni zamanda ekspertlər iştirak etmişdir.

Görüş zamanı Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsinin yekun versiyası və tədbirlərin icrası ilə bağlı əlaqələndirici şəxslərlə ilkin müzakirələr aparılmışdır. Həmçinin Yol Xəritəsində qeyd olunan hər bir tədbir üzrə işin icrasının sadələşdirilməsi məqsədilə aidiyyəti qurumlar üçün tövsiyələrin hazırlanmasına dair müvafiq təkliflər irəli sürülmüşdür.

Eyni zamanda, iclasda iştirakçılar tərəfindən hazırlanmış təqdimatlar nümayiş olunmuşdur.

Görüşün yekununda, müvafiq xarici ölkələrlə təcrübə mübadiləsinin aparılmasına, eləcə də elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsinin icrası zamanı hesabatlılığı təmin etmək məqsədilə mütəmadi görüşlərin keçirilməsinə dair qərar qəbul edilmişdir.