"Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupun iclası keçirilib

Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun «Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə» altqrupunun onlayn formatda iclası keçirilib.

İclasda “İnsan Kapitalı” işçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, altqrupun rəhbəri Ülkər Səttarova və digər üzvlər iştirak ediblər.

İclasda altqrupun rəhbəri Ülkər Səttarova “Qlobal İnnovasiya İndeksi” göstəricilərinin 2022-2023-cü illər üzrə müqayisəsi, 2023-cü il üçün təsdiqlənmiş “Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin nəticəsinə dair təqdimatla çıxış edib. Həmçinin, 2024-cü il üzrə “Yol Xəritəsi”nin ilkin layihəsi də altqrup üzvlərinə təqdim edilib və onların layihəyə dair rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri qismində Elm və Təhsil Nazirliyi çıxış edir.