Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyası, "ISR Holding”in dəstəyi ilə elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib.
İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər.
Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli Qərarı ilə elektromobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib. Ölkəmizdə ekoloji cəhətdən təmiz elektromobillərin təşviqi ilə bağlı tətbiq edilən bu və digər stimullaşdırıcı tədbirlər ekoloji təmiz avtomobillərə marağın artırılmasına, ətraf mühitə təsirlərin minimuma endirilməsinə, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə öz müsbət töhfəsini verə bilər.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədrinin 29.12.2021-ci il tarixdə təsdiq etdiyi “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”nin müvafiq olaraq ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və genişləndirilməsi istiqamətində kompleks tədbirlər icra olunmaqdadır (https://azranking.az/public/images/Yol%20X%C9%99rit%C9%99si-layih%C9%99-29.12.2021.pdf ).