Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. İclasda Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, “Azərişıq” ASC-nin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.
İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib və onların ən optimal formada icrasının vacibliyini qeyd edib.
Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun fəaliyyətinin əhəmiyyətini qeyd edərək müvafiq sahədə həyata keçirilən islahatlar çərçivəsində aparılan işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İşçi qrupun rəhbərinin müavini, “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üçün Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.
Aparılan islahatlar çərçivəsində rəqəmsallaşma istiqamətində atılan addımların davamı olaraq, qeyri-əhali istehlakçılarının elektrik şəbəkəsinə qoşulması xidməti yalnız onlayn qaydada həyata keçirilir. Bu yanaşma müraciət prosesinin sadələşdirilməsinə, xidmətlərin daha səmərəli təşkilinə və elektron xidmətlərdən istifadənin təşviqinə xidmət edir.
Sonda rəqəmsal imkanların genişləndirilməsi istiqamətində, həmçinin cari il üzrə Yol Xəritəsində qarşıya qoyulmuş bütün hədəflərə çatmaq üçün məsul icraçı qurumlar tərəfindən aidiyyəti üzrə işlərin operativ görülməsi üçün müzakirələr aparılıb.