Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə" altqrupunun növbəti onlayn iclası keçirilib. Bildiririk ki, yaradılmış alt işçi qrupuna Dövlət Gömrük Komitəsi tərəfindən rəhbərlik edilir.
Tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bank, kommersiya banklarının məsul şəxsləri ilə yanaşı, özəl sektor nümayəndələri də iştirak edib.
Tədbirdə altqrupun tərkibində yaradılmış tematik qruplar tərəfindən hazırlanan təkliflərlə bağlı müzakirələr aparılıb.
İclasda fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumatlar verilib. Bildirib ki, qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq, habelə səmərəli nəticələr əldə etmək üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə sahəsində ictimai məlumatlılıq artırılmalı və özəl sektorun nümayəndələri ilə kompleks tədbirlər həyata keçirilməlidir.
İclas zamanı iştirakçılar tərəfindən elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üzrə vergi və gömrük siyasəti, bu nəqliyyat vasitələrinin istifadəsinin təşviqi sahəsində görülməli tədbirlər, habelə maliyyə resurslarına çıxışın əlçatanlığının təmin olunması və əlverişli şərtlərlə kreditlərin verilməsi imkanları, elektrik enerji doldurucu məntəqələrinin genişləndirilməsi, bu məntəqələr vasitəsilə enerji satışının tənzimlənməsi məsələləri, o cümlədən sözügedən nəqliyyat vasitələrinin istifadəsinin ekoloji əhəmiyyəti və bu sahədə görülməli ekoloji tədbirlər haqqında ətraflı müzakirələr və fikir mübadiləsi aparılıb.
Daha sonra, "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi sahəsində qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi" layihəsinin ilkin forması üzrə tematik sahələr, görüləcək tədbirlər, tədbirlərin icra müddəti, icraçı qurumlar və məsul şəxslər barədə müzakirələr həyata keçirilərək, rəy və təkliflər nəzərə alınmaqla "Yol Xəritəsi"nin yekun layihəsinin "Sərhəddə ticarət" işçi qrupunun növbəti keçiriləcək iclası zamanı təqdim edilməsi barədə qərar qəbul edilib