“Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası tərəfindən cari il üçün müəyyən edilmiş  iş qrafikinə uyğun olaraq oktyabr ayının 22-də video-konfrans formatında Komissiyanın “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti görüşü keçirilmişdir.

İşçi qrupun rəhbəri, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini İsmət Əliyevin sədrlik etdiyi tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin məsul nümayəndələri iştirak etmişdir.

Görüşdə biznes mühiti ilə bağlı göstəricilərin yaxşılaşdırılması istiqamətində ölkədə aparılan islahatlar, beynəlxalq hesabatlarda əksini tapan cinayətkarlıqla mübarizə sahəsinə aid qiymətləndirmə meyarları, Azərbaycanın aidiyyəti indikatorlar və alt-indikatorlar üzrə mövqeləri - əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr,  cinayətkarlığın biznes mühitinə təsiri, cinayətlər və digər hüquqpozmalar nəticəsində sahibkarlıq subyektlərinə vurula biləcək ziyanın minimuma endirilməsinin, sahibkarların hüquqlarının müdafiəsi, onlara dəymiş maddi ziyanın vaxtında və tam ödətdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ölkənin investisiya cəlbediciliyinin artırılması üçün əhəmiyyəti, aidiyyəti fəaliyyət istiqamətləri üzrə “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” İşçi qrupunun qarşısında duran konkret tapşırıqlar və onların effektiv həlli mexanizmləri və digər məsələlər geniş müzakirə olunmuşdur.

Eyni zamanda ölkədə fəaliyyət göstərən aidiyyəti qeyri-hökumət təşkilatlarının, özəl sektor nümayəndələrinin və vətəndaşların İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi və müzakirələrə aktiv qoşulması imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Sonda İşçi qrupun fəaliyyətinin daha səmərəli təşkili və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti iclaslarında iştirak etmək üçün  https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət göndərilə bilər.