14 sentyabr 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Statistika Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və SİAR Research and Consulting Groupun nümayəndələrinin iştirakı ilə İşçi Qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının İqtisadiyyat Nazirliyinə aid bəndlərinin, həmçinin Fəaliyyət Planında qısamüddətli kirayə evləri ilə bağlı Dövlət Turizm Agentliyinə aid bəndin icra vəziyyətinin müzakirəsi məqsədilə iclas keçirilmişdir.
İclas zamanı fəaliyyət planının icrası ilə bağlı təqdim olunmuş yarımillik hesabatlar və icra vəziyyətinin qiymətləndirmə nəticələri ətrafında fikir mübadiləsi aparılmış, tədbirlərin icrası istiqamətində müvafiq təkliflər səsləndirilmişdir.
Sonda işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icrası çərçivəsində Komissiyaya təqdim olunacaq təkliflərin müvafiq hesabat nümunəsinə uyğun olması, təkliflərin konkretləşməsi, həmçinin, 2023-cü ildə icrası nəzərdə tutulan tapşırıqların icrasının vaxtında yekunlaşması vurğulanmışdır.