“Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin müflisləşməsi” işçi qrupunun 27.02.2023-cü il tarixdə saat 15:00-da video-konfrans formatında keçirilən iclasında 2022-ci il ərzində görülmüş işlər barədə hesabatların dinlənilməsi və müzakirəsi həyata keçirilmişdir.  

Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.

İclasda Ədliyyə Nazirliyinin nümayəndəsi tərəfindən Yol Xəritəsinin 2.2.1-ci “Fəaliyyət göstərən elektron ədliyyə sisteminin əsas elementlərinə (e- müraciət, e-bildirişlər, məhkəmə rüsumlarının elektron şəkildə ödənilməsi, məhkəmə işlərinin daxili idarəetməsi, işin onlayn izlənməsi imkanı və ya prosessual sənədlərin məhkəmələrə və digər tərəflərə göndərilməsi) müflisləşmə hallarının daxil edilib-edilməməsi” və 2.3.1-ci “Müflisləşmə icraatlarının elektron hökumət xidmətlərinin tərkibinə daxil edilməsi və onların digər qurumlarla (o cümlədən kommersiya/biznes reyestrləri və hüquq-mühafizə orqanları) və müflisləşmə prosesində iştirak edən maraqlı tərəflərlə qarşılıqlı əlaqəsi” yarımbəndlərinin  icrası ilə əlaqədar görülmüş işlərə dair məlumatlar səsləndirilmişdir.

Eyni zamanda iflas məsələlərinə baxan hakimlər üçün sistemli qaydada müflisləşmə prosedurları üzrə ixtisaslaşmış təlimlərin təşkil edilməsi vəziyyəti ilə bağlı təqdimat nümayiş etdirilmişdir.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, Yol Xəritəsində müəyyən olunmuş müddətlər çərçivəsində tədbirlərin icrası məqsədilə beynəlxalq ekspertlərin cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıb.