1 iyun 2022-ci il tarixində “Zoom” platforması vasitəsilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun “Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar fəaliyyətin təşkili” mövzusunda növbəti iclası keçirilmişdir.
Onlayn formatda təşkil olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Fövqəladə Hallar və Energetika nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, digər aidiyyəti qurum, qeyri-hökumət təşkilatları və şirkətlərin məsul şəxsləri iştirak etmişdir.
İclası işçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud giriş sözü ilə açaraq üzvləri salamlamış, Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsi nəzərə alınmaqla Tikintiyə icazələrin verilməsi işçi qrupunun 2022-ci il üzrə “Fəaliyyət Planı”nın tərtib edilməsi ilə bağlı qrup tərəfindən görülmüş işlər haqqında məlumat vermis, planda nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam şəkildə yerinə yetirilməsi və habelə tikinti sahəsində biznes mühitinin yaxşılaşdırılması məqsədilə tədbirlərin icrasında koordinasiya məsələlələrinin və qrup üzvlərinin rolunun önəmini qeyd etmişdir.
Daha sonra Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsinin xüsusiyyətləri barədə təqdimat nümayiş etdirilərək sözügedən layihə və bununla bağlı işçi qrup qarşısında duran vəzifələr barədə geniş məlumat verilmişdir.
İclasın nəticəsi olaraq Dünya Bankı Qrupunun Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin yerləşdiyi yer” indikatoru üzrə diaqnostika matrisinin tərtib edilməsi məqsədilə İşçi qrupun tərkibində müvafiq alt-qrupun yaradılmasına dair qərar qəbul edilmişdir.