6 aprel 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında növbəti iclası keçirilib.
İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib.
Gündəliyə uyğun olaraq "Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması" qaydalarının tələblərinə əsasən görüləcək işlər və qarşıda duran vəzifələr haqqında təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb və bu qaydalardan irəli gələrək zəruri tədbirlərin görülməsi ilə bağlı məsələlər müzakirə edilib.
Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlərə “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsinin ilkin layihəsi nəzərdən keçirilib.
Sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində görüləcək işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri və işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.