Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 28.08.2020-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin texniki parametrlərinin və prosedurlarının təkmilləşdirilməsi; Kredit bürosunun xidmət dairəsinin genişləndirilməsi; Azərbaycan Beynəlxalq Bankının özəlləşdirmə prosesinin sürətləndirilməsi istiqamətində bankın idarəedilməsinin təkmilləşdirilməsi; Bank sisteminin dayanıqlığının artırılması üçün tənzimləyici çərçivənin təkmilləşdirilməsi və Bank sektorunda aparılan islahatların ictimaiyyətə effektiv çatdırılmasının təşkilinə dair mövzular müzakirə olunmuşdur.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.
İclasa Mərkəzi Bankın, Dövlət Neft Fondunun, Ədliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, “Paşa Bank” ASC-nin, “Bank of Baku” ASC-nin, “Azərbaycan Beynəlxalq Bankı” ASCnin, “Dentons Azerbaijan” şirkətinin, “Ekvita” şirkətinin və “Ernst & Young Azerbaijan” şirkətinin nümayəndələri qatılmışdır.