Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 26.02.2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda bank sisteminin dayanıqlığının artırılması üçün nəzarət çərçivəsinin təkmilləşdirilməsi; iqtisadi artıma dəstək verən kreditlərin artımının təmin edilməsi üçün tənzimləyici və dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması; kreditlərin verilməsi zamanı qoyulan girovların qiymətləndirilməsi sahəsində problemlərin həlli ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi və qeyri-işlək aktivlərin idarə olunması ilə bağlı hüquqi çərçivənin və hüquqi mexanizmlərin formalaşdırılmasına dair mövzular müzakirə olunmuşdur.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.
İclasa Mərkəzi Bankın, Dövlət Neft Fondunun, Ədliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “Access Bank” ASC-nin və “KPMG Audit Azərbaycan” MMC-nin nümayəndələri qatılmışdır.