Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir

29 iyul 2022-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası çərçivəsində “Biznes mühitində korrupsiya və ondan müdafiə mexanizmləri” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma qaydasında təşkil edilən seminar-müşavirədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Auditorlar Palatası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “Deloitte Azerbaijan”, “Ekvita”, “KPMG Azərbaycan Limited”, “Azercell”, “Azerconnect”, “Agro Diary” şirkətləri və özəl sektorda fəaliyyət göstərən digər qurumların nümayəndələri iştirak etmişlər.

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin giriş nitqi ilə başlayan seminar-müşavirənin birinci hissəsində Vəkillər Kollegiyası, Auditorlar Palatası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, vətəndaş cəmiyyəti institutları və özəl sektor müəssisələrinin nümayəndələri tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təqdimatlar həyata keçirilmiş, habelə, dövlət-biznes dialoqunun genişləndirilməsi və eləcə də özəl sektorda şəffaflığın təmin edilməsi kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Qarşılıqlı müzakirələr formatında davam edən tədbirin ikinci hissəsində “Korrupsiya və şəffaflıq” işçi qrupunun üzvləri tərəfindən 2022-ci ilin birinci yarımili ərzində müvafiq “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumatlar verilmiş, həmçinin “Fəaliyyət Planı”nda növbəti yarımil üzrə göstərilmiş tədbirlərin daha operativ və kompleks şəkildə icrasının təmin edilməsi, bununla bağlı işçi qrup üzvlərinin müvafiq vəzifələrinin müəyyənləşdirilməsi və digər mövzular üzrə müzakirələr həyata keçirilmişdir.