Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun 10 fevral tarixində növbəti onlayn iclası keçirilib.
İclasda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsi tərəfindən təşəbbüs qaydasında hazırlanmış “Daşınmaz Əmlakın Elektron Qeydiyyatı” informasiya sisteminin yaradılması haqqında” fərman layihəsinin ilkin müzakirəsi aparılıb, iştirakçılar fərman layihəsinə dair qeyd və təkliflərini bildiriblər.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, elektron qeydiyyat sisteminin yaradılması prosesinin sürətləndirilməsi, bu sahədə vətəndaş-məmur ünsiyyətinin tamamilə aradan qaldırılması məqsədilə hazırlanmış layihə ilə bağlı müzakirələrin nəticəsi olaraq layihənin təkmilləşdirilməsi və rəy bildirilməsi üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya göndərilməsi qərara alınıb.
Daha sonra iclasda daşınmaz əmlakların alqı-satqısı zamanı xidmət haqlarının optimallaşdırılması imkanları mövzusunda Əmlak Məsələləri Dövlət Xidmətinin məsul şəxsi tərəfindən təqdimatla çıxış edilib. Dövlət-özəl dialoqu çərçivəsində aparılmış səmərəli müzakirələrin nəticəsi olaraq sonrakı mərhələdə qeyd olunan məsələ ətrafında daha detallı müzakirənin aparılması, bu müzakirənin nəticəsinə uyğun olaraq yenilənmiş təkliflərlə çıxış edilməsi qərara alınıb.
İclasa işçi qrupunun üzvləri ilə yanaşı Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Mərkəzi Bankın, eləcə də özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.
Qeyd edək ki, “Əmlakın qeydiyyatı” işçi qrupunun fəaliyyəti ilk növbədə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, bu məqsədlə daşınmaz əmlakın alqı-satqısı və qeydiyyatı sahələrində islahatların həyata keçirilməsi, müvafiq sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır.