Cari ilin 13 dekabr tarixində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilmişdir.
Aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı özəl sektor nümayəndələrinin də iştirak etdiyi görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilmişdir.
İclas zamanı iştirakçılar Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Beynəlxalq ticarət” üzrə sorğu vərəqəsinin tənzimləmə keyfiyyəti, dövlət xidmətlərinin keyfiyyəti və sahibkarlara ünvanlanan suallar olmaqla 3 əsas hissəsi üzrə müzakirələr aparmış, ölkənin maraqları və biznes mühitinin yaxşılaşdırılması baxımından bütün aidiyyəti sualların yenidən nəzərdən keçirilməklə onların təhlili və müvafiq diaqnostikası nəticəsində işlərin təşkili ilə bağlı ətraflı fikir mübadiləsi aparmışdır.
Eyni zamanda, qeyd olunan sahələrdə məqsədyönlü şəkildə addımların atılması və qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət və özəl sektorun nümayəndələri tərəfindən bu istiqamətdə təhlillər aparılmaqla kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.
Sonda, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev müvafiq təkliflərin hazırlanması üzrə Yol Xəritəsinin tərtibi ilə bağlı altqrupun nəzdində müvafiq tematik qrupların yaradılmasını və bu istiqamətdə görüləcək işlərlə bağlı Yol Xəritəsinin hazırlanmasının vacibliyini diqqətə çatdırmışdır.