Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun cari ilin 12 oktyabr tarixində Daxili İşlər Nazirliyinin inzibati binasında iclası keçirilib.
İşçi qrupun rəhbəri – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini İsmət Əliyevin sədrliyi keçirilən tədbirdə Azərbaycan Respublikası Daxili İşlər, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankının, Baş Prokurorluğunun, Maliyyə Monitorinqi Xidmətinin, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul nümayəndələri iştirak etmişdir.
İclasda intihar hallarının təhlili və beynəlxalq təcrübə əsasında intihar risklərinin qiymətləndirilməsi, habelə şəxslərin anti-intihar faktorlarının ailələrdə, əmək kollektivlərində, təhsil müəssisələrində və dini icmalarda təbliğinə dair Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən irəli sürülən təkliflərin müzakirəsi həyata keçirilmiş, bu kimi halların qarşısının alınması məqsədilə iştirakçıların səsləndirdiyi fikirlər dinlənilmişdir.
Eyni zamanda, cəmiyyətdə təzahür edən müvafiq mənfi halların qarşısının alınması və onların minimuma endirilməsi üçün maarifləndirmə işlərinin daha da gücləndirilməsi, qurumlararası əməkdaşlığın və işbirliyinin artırılması, habelə vətəndaş cəmiyyəti institutlarının qeyd olunan proseslərə cəlb olunması imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Sonda İşçi qrupun sonrakı fəaliyyətində müzakirə olunan məsələlərə dair təkliflərin konkretləşdirilməsi və realizəsi üçün aidiyyəti üzrə vəsatətlərin təqdim olunması ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti iclaslarında iştirak etmək üçün https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət göndərilə bilər.